Məzmuna keç

Hakim vəkilin cəriməsinin götürülməsi barədə qərardad qəbul etdi

Qaldırdığı vəsatətə görə 500 manat cərimələnən vəkil Qanqa İbrahimovun cəriməsi götürülüb.

Bu barədə e-huquq.az-a vəkilin özü məlumat verib.

O bildirib ki, cərimənin götürülməsi barədə müraciətinə bu gün baxılıb və müraciət təmin olunub: "Cərimənin götürülməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdim. Bu müraciətdən əvvəl isə hakim Elman Məmmədova etiraz etmişdim. Məhkəmə sədri etirazımı təmin etmişdi və işi həmin hakimdən alıb, hakim Cəmilə Səfiyevanın icraatına vermişdi. Bu gün keçirilən iclasda cərimənin götürülməsi ilə bağlı müraciətimə baxıldı. Hərtərəfli araşdırmadan sonra hakim C.Səfiyeva cərimənin götürülməsi barədə qərardad qəbul etdi".

Qeyd edək ki, bir müddət əvvəl Q.İbrahimov Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə etdiyi şəxsin işi ilə bağlı vəsatət qaldırıb, lakin hakim E.Məmmədov vəsatətin əsassız olduğunu bildirərək onun 500 manat cərimə olunduğunu elan edib.

Xəyalə Bünyatova