Məzmuna keç

Ələddin Cəfərov: “Bəzən hakimlər haqqında qərəzli məlumatlar yayılır”

"Təəssüflə qeyd etməliyəm ki, bəzi hallarda məhkəmə hakimləri haqqında sosial şəbəkə və mətbuatda qərəzli informasiyaların şahidi oluruq".

Bunu e-huquq.az-a açıqlamasında Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov deyib.

O bildirib ki, hakimin qərarından narazı qalan şəxslər şikayətlərini sosial şəbəkələrdə deyil, yuxarı instansiya məhkəmələrində göstərməlidirlər: "Məhkəmədə narazı tərəfin olması təbii haldır. Çünki prosesin yekunu olaraq tərəflərdən biri udur, digəri isə uduzur. Uduzan tərəf bəzən qərarla tam tanış olmamış, məsələnin mahiyyətinə varmamış qərarın ədalətsiz olduğunu iddia edir. Nəticədə məhkəmələr barədə yanlış fikir formalaşdırmağa cəhd edirlər. Bu baxımdan hesab edirəm ki, belə hallara yol verilməməlidir".

Ə.Cəfərov, həmçinin qeyd edib ki, hakimlərin sayının artırılmasına da ehtiyac var: "Bildiyiniz kimi, hazırda Azərbaycanda mediasiya tətbiq olunur. Mediasiya prosesləri keyfiyyətli şəkildə keçirilməlidir ki, daha çox barışığa nail olunsun və məhkəməyə gedən işlərin sayı azalsın. Məhkəmələrdə iş yükünün azalması işlərə daha keyfiyyətli baxılmasına gətirib çıxaracaq.

Bu gün ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür. Biz cənab Pezidentin məhkəmə sisteminə diqqət və qayğısını hər zaman hiss edirik. Deyə bilərəm ki, bu gün məhkəmə sistemində böyük inkişaf var, hakimlərin müstəqilliyi, fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən daim diqqətdə saxlanılır".

Xəyalə Bünyatova