"Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.
O bildirib ki, Azərbaycan təşkilata üzvlüyü dövründə beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan bir çox nailiyyətlər əldə edib: "Avropa dəyərlərinə daim sadiq qalan Azərbaycan 2014-cü ildə ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Bir sıra mötəbər tədbirlərin təşkili, ölkəmizin demokratik inkişafını dəstəkləyən mühüm layihələrin həyata keçirilməsi sədrliyimizin uğuruna dəlalət edib. Həmçinin, bu illər ərzində Azərbaycan nümayəndələri Şuranın ayrı-ayrı təsisatlarında fəal iştirak edərək onun mühüm qurumlarının rəhbəri seçiliblər. Faydalı əməkdaşlığımız çərçivəsində qəbul olunmuş 2 Fəaliyyət Planının uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilib, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqi əldə olunub".
Nazir qeyd edib ki, bu gün təqdimatı keçirilən və genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə əlavə mühüm təkan olacaq: "Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr də təsbit olunub.. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir".
