Məzmuna keç

İş adamı İlqar İsmayılovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi, iş adamı İlqar İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti və prokurorluğun apellyasiya protesti üzrə məhkəmənin ilkin iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə İ.İsmayılovun vəkilləri – İlhamə Həsənova, Şaiq Mirzəyev və Bəxtiyar Hacıyevdən ibarət müdafiə tərəfi bir neçə vəsatətlə çıxış ediblər. Müdafiə tərəfi İ.İsmayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasına dair vəsatət qaldırıb. Vəsatətdə göstərilib ki, İ.İsmayılovun həbsdə saxlanılması üçün heç bir prosessual və maddi əsaslar yoxdur. Yəni, İlqar İsmayılov istintaqdan qaçıb gizlənmir, daimi yaşayış yeri var, şahidlərə təzyiq edə bilməz və onun həbsdə saxlanılması üçün ilkin sübutların məcmusu kifayət qədər deyil.

Bundan əlavə, müdafiə tərəfi birinci instansiya məhkəməsində qaldırılmış, lakin məhkəmə tərəfindən əsaslandırılmadan rədd edilmiş vəsatətləri yenidən ilkin apellyasiya baxışında qaldırıb.

Bu vəsatətlər ittiham tərəfinin sübut kimi məhkəməyə təqdim etdiyi həmin şirkətdə maliyyə əməliyyatlarının aparıldığı proqramdan çıxarışların əks olunduğu yaddaş kartının məhkəmədə tətqiq edilməsi, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi (İ.İsmayılov mənimsəmədə ittiham olunsa da, ittiham tərəfindən nə ekspertiza keçirilmiş, nə də audit rəyinə istinad olunmuşdur) və mühasibatlıq ekspertizası tərəfindən doğrudan da şirkətdə mənimsəmə faktının mədaxil və məxaric halının olub-olmamasının müəyyən edilməsi ilə bağlı olub.

Eyni zamanda İlqar İsmayılova elan olunmuş eyni ittiham üzrə 2017-ci ildə aparılmış istintaq materiallarının və həmin materiallarda olan audit rəyinin tələb edilərək məhkəmədə araşdırılması, İ.İsmayılovun digər həmtəsisçinin və onun şirkətdə nümayəndəsinin şirkətin gəlirindən mənfəət alıb-almaması, İ.İsmayılova mənimsəmədə ittiham olunmuş məbləğlərdən məlumatının olub-olmaması və İ.İsmayılovun məhkəməyə təqdim etdiyi yazışmaları təsdiq edib-etməməsi halları ilə bağlı bildirilməsi barədə vəsatətlər məhkəmə tərəfindən əsaslandırılmadan rədd edilib.

Lakin müdafiə tərəfinə izah olunub ki, apellyasiya şikayətlərinin dəlilləri dinlənildikdən sonra bu vəsatətləri yenidən qaldıra bilərlər.

Daha sonra məhkəmə iclasında İ.İsmayılov çıxış edərək bildirib ki, respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanınmış sahibkardır. Bütün həyatını Azərbaycan Respublikasının iqtisadi inkişafında mühüm rol oynayan sahibkarlığın inkişaf etdirilməsi, "İdeal" markasının brendləşdirilməsinə həsr edib: "Dövlətimi ürəkdən sevirəm. Bir sahibkar olaraq hesab edirəm ki, hazırki cinayət işi mənə qarşı çirkin qarayaxmadır. Dövlətimdə ədalətə nail olacağıma ürəkdən inandığıma görə məhkəmədən yalnız ədalət gözləyirəm".

Məhkəmə baxışı aprelin 19-na təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov mənimsəmədə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, müdafiə tərəfinin iddialarına görə, İ.İsmayılov 2017-ci ildə eyni şirkətdə eyni dövr üzrə yoxlamanın nəticəsi olaraq, mənimsəməyə görə cinayət təqibinə məruz qalmış, həmin cinayət işi cinayət təqibinə xitam verilməsi ilə bağlı qərarla nəticələnmişdi. Hazırda müdafiə tərəfi iddia edir ki, İ.İsmayıov eyni əmələ görə, ikinci dəfə məsuliyyətə cəlb olunub.