Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vətəndaşları qəbul edib


  • 14 Aprel 2022 15:22

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, daxil olmuş konkret müraciətlər üzrə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tərəfindən aprelin 4 və 13-də vətəndaşların növbəti qəbulu keçirilib.

E-huquq.az-ın məlumatına görə, qəbulda vətəndaşlar konkret işlər üzrə onları narahat edən məqamları məhkəmə sədrinin diqqətinə çatdırıb və qanuna müvafiq həll olunması üçün köməklik göstərilməsini xahiş ediblər.

Sədr tərəfindən vətəndaşların müraciətlərində qaldırılan və onları narahat edən halların diqqətlə öyrəniləcəyi, bilavasitə məhkəmənin səlahiyyətlərinə aid və məhkəmənin icraatındakı işlərlə bağlı olan məsələlərin qanunauyğun şəkildə və ədalət prinsipi gözlənilməklə həll ediləcəyi bildirilib. O, fəaliyyətlərində müstəqil olan hakimlər tərəfindən qanunvericiliyin müddəalarına uyğun tam və obyektiv araşdırmanın, ədalətli məhkəmə aktının qəbul edilməsinin təmin olunmasının ölkədə aparılan məhkəmə-hüquq islahatlarının hədəfi olduğunu, bu istiqamətdə davamlı olaraq zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, digər məsələlər üzrə müvafiq izahlar verib.

Sədr həmçinin bildirib ki, vətəndaşların məhkəmə sisteminə etimadlarının daha da yüksəldilməsi və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi, insanlara layiqli xidmət göstərilməsi məqsədilə məhkəməyə daxil olan, o cümlədən məhkəmədə fəaliyyət göstərən “çağrı mərkəzi” vasitəsi ilə qəbul edilən çoxsaylı müraciətlərin hər biri diqqətlə öyrənilərək, onlara qayğı və həssaslıqla yanaşılır, vətəndaşların haqlı narazılığına səbəb olan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi təmin edilir. Eyni zamanda məhkəmə sədri məhkəmə istifadəçilərinin sosial şəbəkələr vasitəsi ilə də onları narahat edən amillər barədə mövqe ifadə etmək imkanlarının olmasını da qeyd edib.

Vətəndaşlar onların qəbulunun və müraciətlərinin dinlənilməsinin təşkilindən və şəffaflığın təmin edilməsindən məmnunluqlarını bildirib, müraciətlərinin sərbəst şəkildə həyata keçirilməsinə məhkəmədə lazımi şərait yaradılmasına, qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə öz minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər