- 5 İyun 21:59
"Tez-tez sual verirlər ki, cinayətə görə məhkum olunmuş şəxs məhkumluğunu sildirə bilərmi? Yəni, onlar arxivlərində, yaxud məhkumluq barədə arayış aldıqda orada məhkumluğun yazılmaması, onun silinməsi üçün nə etməli olduqlarını bilmək istəyirlər".
E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
O bildirib ki, qanunvericilikdə "məhkumluğun silinməsi" anlayışı yoxdur.
"Cinayət Məcəlləsinə əsasən, şəxslər cinayət törətdikdən sonra cinayətin kateqoriyalarına uyğun olaraq cəzanın çəkildiyi müddətdən başlayaraq müəyyən olunmuş müddətlərə qədər üzərində məhkumluq daşıyır. Yəni, azadlıqdan məhrumetmə cəzası almayan şəxslər cəzanı çəkib qurtardıqdan sonra 1 il keçirsə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədən şəxslər cəzanı çəkib qurtardığı gündən 3 il keçirsə, ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 6 il keçirsə, xüsusilə ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 8 il keçirsə, bu zaman məhkumluq onların üzərindən götürülmüş sayılır. Yalnız bundan sonra həmin şəxslər məhkumluq arayışı alarkən orda bu şəxslərin məhkum olunması barədə məlumatlar olmayacaq", - deyə vəkil qeyd edib.
V.Şükürov onu da bildirib ki, şəxs məhkumluğun vaxtından əvvəl üzərindən götürülməsi üçün məhkəməyə müraciət edə bilər: "Şəxs məhkəməyə müraciət edərək artıq islah olunduğunu, nümunəvi davranış sərgilədiyini sübut edərək məhkumluğu vaxtından əvvəl öz üzərindən götürə bilər. Bu barədə qərarı yalnız məhkəmələr verir".