Məzmuna keç

Məhkəmə: “Mübahisələrin barışıqla tamamlanmasında vəkillərin töhfəsi əhəmiyyətlidir”

"Mübahisələrin barışıq sazişi ilə həlli həm tərəflərin, həm də cəmiyyətin maraqlarına xidmət edir".

E-huquq.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Barışıq- ictimai münasibətlərdə həssas və çətinliklə əldə olunan nəticə olduğu kimi, hüquq münasibətlərində və məhkəmə mübahisələrində də öz müsbət nəticələrinə görə əhəmiyyətli institutlardan biri hesab olunur.

"Məhz bu institutun inkişafı və müvafiq olaraq da mübahisə tərəfləri arasında (ailə, əmək və işgüzar) münasibətlərin qorunub saxlanması, münaqişə səviyyəsinin yumşaldılması, eyni zamanda da mübahisələrin alternativ həlli üsulu olaraq, həm də məhkəmələrin iş yükünün azaldılması və bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun qəbulu və mediasiyanın tətbiqi olduqca mühüm əhəmiyyət daşıyır. Mübahisə tərəfləri arasında barışığın əldə olunmasının həm mübahisə tərəflərinin, həm də ümumilikdə cəmiyyətin maraqları baxımından hansı vacib (sosial, əxlaqi, maddi, mənəvi) əhəmiyyət kəsb etməsi mübahisəsizdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi də məhkəmələrin vəzifələrindən biri kimi mübahisənin barışıq yolu ilə həll edilməsini nəzərdə tutmaqla onun hüquqi nəticələrini müəyyən etmişdir.
Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Həm də qeyd edilməlidir ki, qanunun bu tələbi məhkəmələrin vəzifəsi kimi müəyyən olunmuşdur.

Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasında işlərə baxılarkən qanunvericiliklə nəzərdə tutulmuş bu prinsipə məhkəmənin hakimləri tərəfindən daim xüsusi diqqət yetirilir. Hakimlər işlərə baxarkən iş üzrə tərəflərə ilk növbədə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməklə, mübahisənin barışıqla həll olunması üçün ciddi səy göstərirlər. Müəyyən işlər üzrə hakimlərin bu səyləri öz nəticəsini verməkdədir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində aparılmış statistik təhlilin nəticələrinə görə ötən il və bu ilin birinci rübü ərzində məhkəmənin mülki kollegiyasının hakimləri tərəfindən baxılmış işlərdən 90 mülki iş üzrə müsbət nəticə əldə olunaraq mübahisə tərəflərin barışıq sazişi ilə tamamlanmış və nəticədə həmin işlər üzrə icraata xitam verilmişdir.
Məhkəmənin hakimlərinin bu sahədəki səyləri nəticəsində əhəmiyyətli sayda işlərdə tərəflərin iddiadan imtinası, iddianın etirafı və ya apellyasiya şikayətindən imtina olunması ilə bağlı da müvafiq qərarlar qəbul olunmuşdur.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda məhkəmələrdə mediasiyanın tətbiqini müəyyən edən xüsusi norma (maddə 31. Məhkəmə mediasiyası) nəzərdə tutulmuşdur ki, bu da qeyd olunan sahədə daha səmərəli fəaliyyət üçün əlavə imkanlar verir. Düşünürük ki, Vəkillik institutu hüquq sisteminin mühüm qollarından biri olduğuna görə mübahisələrin barışıqla tamamlanması məqsədilə daha səmərəli nəticələrin əldə olunmasında məhkəmə proseslərində iştirak edən peşəkar hüquqşünas olaraq vəkillərin də töhfəsi olduqca əhəmiyyətlidir. Bu baxımdan, prosesdə iştirak edən vəkillər də tərəfləri məhkəmə mübahisələrinin barışıqla nəticələnməsinə təşviq etməli və onların bu kimi səyləri təqdirəlayiq hal kimi qiymətləndirilməlidir", – deyə məlumatda deyilir.