Aprelin 28-də Portuqaliyanın Porto şəhərində Avropa Hakimlər Assosiyasiyasının illik toplantısı, eyni zamanda "Məhkəmə dürüstlüyü, şəffaflığın artırılması və məhkəməyə inamın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından e-huquq.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi İttifaqın sədri Ələddin Cəfərov və Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev təmsil edir.
Portuqaliya Hakimlər Assosiasiyasının təşkikatçılığı ilə keçirilən konfransda ümumilikdə 40 ölkədən hakimlər iştirak edir. Tədbirdə Portuqaliya Ali Məhkəməsinin sədri Henrique Araujo, BMT-nin hakimlərin müstəqilliyi üzrə Xüsusi məruzəçisi Dieqo Grarciya Sayan, Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndəsi Beti Hohler, Avropa Hakimlərinin Məşvərət Şurasının sabiq sədri Nina Betello, Dünya Hüquqşünaslar Birliyinin prezidenti Javier Cremades, Portuqaliya Auditorlar Məhkəməsinin hakimi Nuno Coelho mövzu üzrə məruzə ilə çıxış ediblər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq, bu sahədə mövcud beynəlxalq təcrübənin milli səviyyədə tətbiqinin imkanları müzakirə edilib.
Bununla yanaşı, Avropa Hakimlər Assosiasiyasının illik toplantısında üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətində qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılib.
Qeyd edək ki, konfrans aprelin 30-dək davam edəcək.





