Məzmuna keç

Məhkəmə keçmiş hakimlə bağlı qərar verdi

Külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq hakim Lətif Nəbiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, məhkəmənin yeni qərarına əsasən, L.Nəbiyevin azadlıqdan məhrumetmə müddəti 8 ildən 4 il, 6 aya endirilib.

İttihama görə, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə iki tanışının 307 min dollardan çox pulunu mənimsəyib. O, zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb. Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.