Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, hakim müraciətində Cinayət-Prosessual Məcəlləsinin 65.1, 122, 449 və 453.10-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş edib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
"XXXXXX XXXXXX XXXXXX 17.01.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək XXXC/19 saylı material üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi XXXX XXXXX tərəfindən 12.10.2021-ci il tarixd qəbul edilmiş "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarın ləğv edilməsi və onun barəsində xüsusi qərarın qəbul olunmasını xahiş etmişdir.
Halbuki, şikayətçi tərəfindən sözügedən qərarın qanuniliyi daha əvvəl mübahisələndirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, X(XXX)-XXX /2021 saylı qərarı ilə şikayət təmin edilməyərək həmin qərar qanuni hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.12.2021-ci il tarixli, X(XX)-XXX/2021 saylı qərarı ilə də birinci instansiya məhkəməsinin bu qəranı dəyişdirilmədən saxlanılmışdır.
Prosessual qərarların preyudisial əhəmiyyəti nəzərə alınaraq XXXXXX XXXXXX XXXXXX hazırki şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı və 23.02.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı qərarları ilə geri qaytarılsa da, Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq 26.01,2022-ci il tarixli, X(XXX)- XX/2022 saylı və 11.03.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı qərarları ilə rayon məhkəməsinin qərarları ləğv edilərək şikayət icraata götürülüb baxılması üçün məhkəməyə göndərilmişdir.
O da diqqətə çatdırılır ki, XXXXXX XXXXXX XXXXXX eyni məzmunlu məsələ ilə bağlı məhkəməyə çoxsaylı müraciətlər etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı, 18.01.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı, 21.01.2022-ci il tarixli, X(XXX)-XX/2022, 02.02.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı, 25.02.2022-ci il tarixli, X(XXX)-XX/2022 saylı qərarları ilə onlara eyni münasibət bildirilmişdir. Bu qərarlar da müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 27.01,2022-ci il tarixli, X(XXX)-XX/2022, 14.02.2022-ci il tarixli, X(XXX)-XX/2022, 15.02.2022-ci il tarixli, X(XXX)-XX/2022, 28.01.2022-ci il tarixli, X(XXX)-XX/2022 və 09.03.2022-ci il tarixli,
X(XXX)-XX/2022 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Ona görə də hesab edirik ki, qanunvericiliyin tətbiqi və məsələyə yanaşmada vahid mövqenin formalaşmasına zərurət var.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialin baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.
Yuxarıda göstərilənlərdən də aydın olur ki, şikayətçinin məhkəməyə müraciət etmək hüququ təmin olunmuş, onun mübahisələndirdiyi məsələyə baxılaraq həm birinci, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən qərarlar qəbul edilmişdir (bu kateqoriyalı işlərdə də apellyasiya instansiyası məhkəməsinin qəranı qətidir, ondan şikayət nəzərdə tutulmur).
Cinayat-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bu Məcəllənin 453.10-cu maddəsinə (həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması) əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protesta təkraran baxılmasına yol verilmir.
Qanunvericiliyin bu normalarından belə nəticəyə gəlmək olar ki, məhkəmə nəzarəti qaydasında şikayət verilərək ibtidai araşdırma orqanının qanuniliyi mübahisələndirilən qərarı ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının mövcudluğu artıq həmin məsələyə təkrar baxılmasına yol vermir.
Bununla belə, prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququndan bəhs edən Cinayət-Prosessual Məcəlləsinin 122-ci maddəsi şikayətin baxılmadan saxlanılması və ya geri qaytarılmasının yalnız iki əsasını müəyyən edir: 1) şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda və 2) şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə (122.6-cı maddə). O da vurğulanmalıdır ki, cinayət-prosessual qanunvericiliyi "şikayətin baxılmadan saxlanılması"nın icraatın hansı mərhələsində (şikayət icraata götürülmədən, yoxsa icraata götürülüb məhkəmə baxışı təyin olunmaqla baxılmamış saxlanılmalı) həllinə aydınlıq gətirmir. Eyni zamanda hesab edirik ki, şikayətçi XXXXXXX XXXXXX XXXXXXXX qanunvericiliklə nəzərdə tutulan məhkəməyə müraciət hüququndan sui-istifadə halı açıq şəkildə nəzərə çarpır.
Hüquqdan sui-istifadə edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmişdir.
Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
Danılmazdır ki, ədalət mühakiməsinə çıxış hüququ, müdafiə hüququ, qərardan şikayət etmək və ya məhkəmədən müdafiə tədbirləri tələb etmək hüququndan istifadə etmək öz-özlüyündə sui-istifadə deyil. Məhkəməyə müraciət hüququ "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan adalətli məhkəmə araşdırması hüququnun mülki aspektinin fundamental hissəsinin təşkil edir. Qanuni tədbirlər görmək şikayətçinin mütləq hüququdur. Hüquqi müdafiə vasitələri güclü alətdir və onlara ehtiyat ve vicdanla yanaşmaq lazımdır. Eyni zamanda şikayətçi prosesdə iştirak edən digər tərəfin qanuni prosessual maraqlarını, habelə məhkəmənin özünün maraqlarını nəzərə almalıdır. Ona görə də hər hansı digər hüquq kimi, prosessual hüquqlar da mütləq deyil və qanuni məhdudiyyətlərə məruz qala bilər (lakin bu məhdudiyyətlər hüququn mahiyyəti pozulacaq formada və ya həddə fərdin məhkəməyə müraciətini məhdudlaşdırmamalı ve ya azaltmamalıdır). Şikayətçi qeyri-mütənasib şəkildə və ya qanunverici tərəfindən nəzərdə tutulmayan xüsusi bir məqsədlə hüquqi prosedurlar başlatdıqda və ya məhkəmə prosesini davam etdirdikdə, bu, sui-istifadə hesab oluna bilər. Bu baxımdan insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində ayrı-ayrı fərdlərin məhkəməyə müraciət hüququndan sui-istifadə etməsi Avropa Konvensiyasının 35-ci maddəsinin 3-cü bəndinin tələblərinin pozulması kimi qəbul edilir.
Avropa Məhkəməsi öz qərarlarında göstərir ki, 35-ci maddənin 3-cü bəndində təsbit olunan "sui-istifadə" anlayışı ümumi hüquq nəzəriyyəsindəki təsbit olunduğu çərçivədə, yəni haqların təyinat üzrə deyil, onların məqsədlərinə zidd olaraq istifadə edilməsi kimi başa düşülməlidir. Müraciət edən şəxsin davranışı Konvensiyada təsbit olunmuş şikayət vermək hüququna açıq-aşkar ziddirsə və məhkəmənin işinə və ya prosesinə maneçilik törədirsə, bu şikayət hüququnun pozulması deməkdir. Əgər iddiaçı məhkəməyə dəfələrlə təhqiredici formada açıq-aydın əsassız şikayətlər edirsə və məhkəmə tərəfindən əvvəllər artıq eyni məzmunlu şikayət kimi qəbuledilməz elan edilibsə, bu halda şikayət etmək hüququndan sui istifadə edilir. Avropa Konvensiyasına əsasən Razılığa gələn Yüksək Tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək məqsədi ilə yaradılmış orqanın vəzifəsi real funksiyaları ilə bir araya sığmayan, lüzumsuz iş yükü yaradan, onların icrasına mane olan ardicil əsassız və mübahisəli şikayətlərlə məşğul olmaq deyildir ("Mirolubovs və başqaları Latviyaya qarşı", "M. Birləşmiş Krallığa qarşı", Philis Yunanıstana qarşı" və s. işlər).
Avropa Məhkəməsinin qərarları bütün üzv dövlətlərin ərazisində məcburi hüquqi qüvvəyə malik olmasını və məhkəmələr tərəfindən tətbiq edilməli olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı da təsdiq edir və göstərir ki, yerli qanunvericiliklə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları və Avropa Məhkəməsinin qərarları arasında ziddiyyət yaranarsa, Konvensiya və Məhkəmənin qərarları tətbiq olunur ("Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli Qərarı).
Eyni zamanda cinayət-prosessual qanunvericilik qanunun analogiya üzrə tətbiqinə imkan verməsə də, hüquqdan sui-istifadə etmə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəalarını nəzərdən keçirmək olar.
Məsələn, Məcəllənin 120-ci maddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.
Bundan əlavə, Məcəllənin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
Bu məsələdə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununu da maraq doğura bilər.
Həmin Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilməsə də (5.2-ci maddə), Qanunda müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması müraciətin baxılmamış saxlanılması üçün əsaslardan biri hesab olunur (8.1-ci maddə). Beləliklə, yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, hazırki məsələyə baxılması yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət etmiş olardı. Bu səbəbdən də Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsini rəhbər tutaraq hüquq tətbiqetmədə hüquqdan sui-istifadə ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin 65.1, 122, 449 və 453.10-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş edirik".
