Məzmuna keç

“Dövlət hesabına hüquqi yardıma görə vəkillərin sərf etdiyi iş saatlarının hesablanması üçün vahid qaydanın tətbiqinə ehtiyac var”

"Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardıma görə onların sərf etdiyi iş saatlarının düzgün hesablanmaması barədə fikirlə tam razı olmasam da, burada vahid bir qaydanın tətbiq edilməsinə ehtiyac duyulur".

Bunu e-huquq.az-a müsahibəsində Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov deyib.

Sədr qeyd edib ki, vəkilin sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, konkret məbləğ müəyyən olunub: "İş saatları hesablanarkən işin həcmi, keçirilmiş məhkəmə iclaslarının sayı və müddətləri nəzərə alınır. Yəni, dövlət hesabına göstərilən hüquqi yardıma görə sərf edilən iş saatları məhkəmə tərəfindən obyektiv və ağlabatan qaydada qiymətləndirilir. Bununla belə, hesab edirəm ki, dövlət hesabına hüquqi yardımla bağlı vəkillərin sərf etdiyi iş saatlarının və ümumi vaxtın, eləcə də xərclərin düzgün hesablanması ilə bağlı ölkə məhkəmələri üzrə dəqiq vahid bir qaydanın və mexanizmin müəyyən olunması daha məqsədəmüvafiq olardı. Başqa sözlə, dəyişən iqtisadi vəziyyətə uyğun olaraq vəkillərə ödənilən vəsait iqtisadi baxımdan ağlabatan olmalıdır".