Ramiz Rzayev: "Məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısı alınıb"


  • 17 May 2022 17:17

"Ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilən dəyişikliklər, xüsusilə də kassasiya instansiyası məhkəməsində icraatın tam şəkildə yazılı icraata keçməsi, ölkənin müxtəlif regionlarından olan vətəndaşların paytaxtda yerləşən Ali Məhkəməyə gəlməsi zərurətini aradan qaldırılmaqla, onların bir sıra xərclərdən azad etməklə ədalət mühakiməsini daha əlçatan edib. Eyni zamanda məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alıb".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Çex Respublikasının Praqa şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 12-ci konfransında çıxış edərkən deyib.

Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumlarının həddini tənzimləyən qanunvericiliyə edilən köklü dəyişikliklərdən söz açan Ali Məhkəmə sədri qeyd edib ki, məhkəməyə çatımlığın zərbə almaması üçün dövlət rüsumlarının dərəcələrinin ümumi şəkildə artırılmasından çəkinilərək, onların iddianın qiymətinə mütənasib olaraq diferensiasiya edilməsi qərara alınıb.

R. Rzayev Azərbaycanda hakimlərin fərdi qaydada seçimi prosesinin yüksək standartlarla aparılması, hakim sayının artırılması, “Elektron məhkəmə” informasiya sisteminin istifadəsinin daha da genişləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində tədbirlərin görülməsi, ölkənin şəhər və rayonlarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın həyata keçirilməsindən, eləcə də Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Oxşar xəbərlər