Məzmuna keç

“Səbail Rayon Məhkəməsində proseslərin üzrlü səbəb göstərilmədən uzun müddətə təxirə salınması halları müəyyən edilib”

"Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimləri tərəfindən mülki və mülki-prosessual qanunvericiliyə müvafiq olaraq baxılmış işlər üzrə işin hallarının tam və hərtərəfli araşdırılmaması və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktlarının çıxarılması, məhkəmə iclaslarının üzrlü səbəblər göstərilmədən uzun müddətlərə təxirə salınması halları müəyyən olunub".

E-huquq.az-ın məlumatına görə, bunu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Rəşad Həsənov deyib.

Hakim Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara yol verildiyini, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi zamanı hakimlər tərəfindən diqqətsizliyə yol verildiyini bildirib.

O qeyd edib ki, üzrlü səbəb göstərilmədən təxirə salınan proseslər isə əsasən Mülki Məcəllənin 228-ci maddəsinin və mənzil qanunvericiliyinin, “İpoteka haqqında” Qanununun, müqavilə öhdəlikləri, bank kredit müqavilələri, vərəsəlik və əmək mübahisələri ilə bağlı qanunvericiliyin tətbiqi ilə əlaqədar olub.