Mayın 21-də Azərbaycan Respublikası Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata keçirilən Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının Final mərhələsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov açılış nitqi ilə çıxış edərək qeyd edib ki, ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Milli Məhkəmə Müsabiqəsində müsbət nəticələr əldə olunub.
Ç.Əsgərov final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb.
“Ali Məhkəmə, ümumiyyətlə məhkəmə sistemi tələbələrin inkişafında, onların hazırlıqlı olmasında maraqlıdır. Biz istəyirik ki, onlar təkcə nəzəriyyəni deyil, həm də təcrübəni bilsinlər. Məhkəmələrdə təcrübə keçsinlər, fəaliyyətin nədən ibarət olduğunu görsünlər”, – deyə o qeyd edib.
Sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bldirib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında qurulmuş səmərəli əməkdaşlıq uğurla davam edir.
"2018-ci ildən etibarən biz əməkdaşlıq haqqında saziş imzalamışıq. Bu əməkldaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirmişik. Biz ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm veririk. Çünki Azərbaycanın gənc hüquqşünaslara dəstək göstərilməlidir. Son illər ərzində biz bu siyasəti həyata keçiririk. Vəkillər Kollegiyası olaraq bütün müraciətlərə müsbət cavab veririk. Həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan bundan sonra da gənclərə dəstək verməyə hazırııq. Biz istəyirik ki, gənc hüquqşünaslar beynəlxalq səviyyədə də uğur əldə etsinlər. Bunun üçün də gücümüzü səfərbər etməliyik Bu istiqamətdə əlimizdən gələni etməyə hazrıq”, – sədr vurğulayıb.
Daha sonra millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov çıxış edərək gənc hüquqşünasların ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına töhfə vermək üçün daha çox çalışmalı olduğunu bildirib.
“10 il əvvəl biz belə bir layihənin həyata keçiriləcəyini düşünməzdik. Hesab edirəm ki, bu kimi layihələr cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğının, eyni zamanda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının təzahürüdür. Gənc hüquqşünaslar da etik davranış prinsipləri çərçivəsində yüksək peşəkarlıqla fəaliyyət göstərərək bu islahatlara töhfə verməldir. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Vəkillər Kollegiyasına və Ali Məhkəməyə təşəkkkür edirəm. Final mərhələsinə yüksələn komandaları təbrik edir və onlara uğurlar arzulayıram. Düşünürəm ki, belə uğurlar beynəlxalq səviyyədə də əldə olunmalıdır”, – deyə K.Cəfərov qeyd edib.
Final mərhələsində iddiaçı qismində “De Facto Force”, cavabdeh qismində isə “Gold Boys” komandası çıxış etmişdirlər.
Finalistlərin çıxışları Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Abiddin Hüseynov, Elşad Şamayev və Vüqar Həsənov tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirilmə nəticəsində “De Facto Force” komandasının üzvləri Sinarə Məmmədova və Xədicə Şirin qalib elan olunmuş, “Gold Boys” komandasının üzvləri Murad Vəliyev və Əli Məmmədov isə II yerə layiq görülmüşdürlər.
Müsabiqənin sonunda qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilmiş və “GRATA International”-da təcrübə keçmək imkanı verilmişdir, ikinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat və sertifikat verilmişdir.
Həmçinin, Milli Məhkəmə Müsabiqəsi çərçivəsində ilk dəfə “Ən yaxşı natiq” müəyyən olunmuş, və qiymətləndirilmənin nəticəsində həmin nominasiyaya “De Facto Force” komandasının üzvü Xədicə Şirin layiq görülmüşdür.
