17-18 may tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində ərəb və Afrika ölkələrinin (BƏƏ, Səudiyyə Ərəbistan, Oman, Küveyt və s.) Ali Məhkəmə sədrləri və Ali İnzibati Məhkəmələrinin (Dövlət Şuralarının) rəhbərlərinin iclası keçirilib. Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti tərəfindən qəbulu ilə başlayan tədbir çərçivəsində ilk dəfə olaraq bütün Afrika və ərəb ölkələrinin Ali İnzibati Məhkəmələrinin İttifaqı yaradılıb. Həmçinin Misirin Dövlət Şurasının (Ali İnzibati Məhkəməsinin) yaradılmasının 75 illiyinin qeyd olunması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə 40-dan çox ərəb və Afrika ölkəsinin Ali Məhkəmələrinin sədrləri, Fransa Dövlət Şurasının rəsmiləri iştirak edib.
Bu barədə e-huquq.az-a Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı məlumat verib. Səfər barədə danışan R.Qaraqurbanlı bildirib ki, hazırda Avropa Komissiyası tərəfindən bir sıra ərəb və Afrika ölkələrində məhkəmə islahatlarının daha səmərəli həyata keçirilməsi üzrə əməkdaşlıq layihələri aparılır.

“Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası müxtəlif sahələr üzrə Avropa ölkələrində məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə Avropa standartlarının tətbiqini təmin edir. CEPEJ bu fəaliyyətini müxtəlif əməkdaşlıq layihələri vasitəsi ilə Avropa İttifaqı ilə birgə həyata keçirir. Məsələn, “Qərbi Balkan ölkələrində məhkəmə islahatlarının nəticələrinin qiymətləndirilməsi” adlı layihə çərçivəsində Avropa İttifaqına üzv qəbul olunması üçün müraciət etmiş Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Serbiyanın məhkəmə sistemlərinin Avropa standartlarına cavab verib-verməməsi və bu sahədə islahatların nəticələrinin təhlili aparılır. Eyni zamanda, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası Avropa dövlətlərində məhkəmə-hüquq islahatlarına dəstək göstərməklə bərabər, son 10 il ərzində Misir, Tunis, İordaniya, Mərakeş və sair kimi bir sıra ərəb və Afrika ölkələrinin də ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahələrində Avropa standartlarının tətbiqini aparır. Ümumiyyətlə, həmin ölkələrdə insan hüquqları, qanunun aliliyi və demokratiyanın təmin olunması məqsədilə regional dəstəyin göstərilməsi həyata keçirilir. Bu məqsədlə məhkəmələrin daha səmərəli təşkil olunması, statististik məlumatların toplanması, hesabatların tərtibatı və təhlili, məhkəmə işlərinə baxılma müddətlərinin optimallaşdırılması, hakimlərin təyin olunması, məhkəmələrdə rəqamsallaşdırma və başqa sahələrdə Avropa standartlarının – CEPEJ-in sənədləri və təcrübəsinin tətbiqi təmin olunur”, – deyə o qeyd edib.

CEPEJ prezidenti səfər çərçivəsində Misirin Ədliyyə naziri Omar Marvan ilə keçirilən ikitərəfli görüş barədə də məlumat verib. Bildirib ki, görüşdə ədliyyə sahəsində rəqəmsallaşdırmanın aparılması üçün gələcək əməkdaşlıq barədə müzakirələr aparılaraq razılığa gəlinib: "Burada CEPEJ-in “Məhkəmə sistemlərində süni intellektin tətbiq olunmasına dair Avropa Xartiyası”, “Məhkəmələrə elektron qaydada müraciət etməyə dair Avropa Rəhbər Qaydaları”, “Məhkəmə fəaliyyətində videokonfrans vasitəsi ilə məhkəmə proseslərin keçirilməsinə dair Avropa Rəhbər Qaydaları”, “Pandemiya dövründə məhkəmə sisteminin təşkil olunmasına dair Deklarasiya” və digər CEPEJ-in sənədlərinin tətbiqi razılaşdırılıb".

R.Qaraqurbanlının sözlərinə görə, son 2 il ərzində CEPEJ-in Misirdə apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir: "Görülmüş islahatlar nəticəsində 103 milyon əhaliyə malik Misirin 20 mindən çox hakim korpusu olan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq 98 hüquqşünas qadın hakim vəzifəsinə təyin olunub".

CEPEJ prezidenti, həmçinin 11-12 may tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən Məhkəmə Müfəttişlərinin Avropa Şəbəkəsi (RESIJ) və Mərakeşin Ali Məhkəmə Şurası ilə birgə regional konfransın keçirildiyini də qeyd edib.
"Konfrans çərçivəsində həmin regionda ilk dəfə olaraq CEPEJ vasitəsi ilə Cənubi Aralıq Hövzəsi ölkələrinin – Misir, İordaniya, Livan, Mərakeş, Fələstin, Tunis Məhkəmə Müfəttişlərinin Şəbəkəsi yaradılıb. Bu sahədə eyni mahiyyətli olan Avropa Şəbəkəsinin təcrübəsi nəzərə alınıb və təcrübə mübadiləsi aparmaq üçün Fransa, İtaliya, Belçika, Bolqarıstan, Portuqaliya, Albaniya, Rumıniya, İspaniyanın müfəttişlərinin iştirakı təmin olunub", – deyə o bildirib.
Xəyalə Bünyatova
