ABŞ-da media nümayəndələri ictimaiyyət üçün açıq olan məhkəmə proseslərində iştirak edir. İctimaiyyətin kənarlaşdırıldığı proseslər mətbuatın da üzünə bağlı ola bilər. Hətta məhkəmə iclası açıq olduqda belə, xüsusi maraqların tələb etdiyi zəruri hallarda mətbuat və ictimaiyyət həmin iclasdan kənarlaşdırıla bilər.
Böyük Britaniyada informasiyanın açıqlığı prinsipi həm də məhkəmə sənədlərinin və iclasların gedişinə aiddir. Ədalət mühakiməsinin açıqlığı Avropa qanunvericiliyinin fundamental prinsipi olsa da, qanunda bu meyarla bağlı bəzi şərtlər müəyyən edilmişdir. Ruhi xəstələrin işi ilə, qəyyumluq və övladlığa götürmək məsələləri ilə bağlı məhkəmə iclasları qapalı keçirilə bilər. Uşaqlarla, ailə həyatı ilə, məxfi informasiya ilə, milli təhlükəsizliklə və bir sıra başqa hallarla bağlı məhkəmə iclası qapalı keçirilə bilər. İctimaiyyət yeniyetmələrin işi ilə bağlı prosesə buraxılmır, lakin mətbuatın bu proseslərdə iştirakına icazə verilir. Belə bir ümumi qayda mövcuddur ki, açıq dinləmələrdən reportajlar mətbuatda dərc edilə bilər. Bu, "ədalət mühakiməsinin açıqlığı" konsepsiyasının real mənasını əks etdirən mühüm prinsipdir. Lakin burada bəzi istisnalar vardır. Almaniya qanunvericiliyinə, yəni Cinayət Məcəlləsinin 353(d)-cü bölməsinə əsasən, mətbuatda ittiham qərarını və ya digər məhkəmə sənədlərini dərc etmək qanun pozuntusu hesab olunur. Bu şərt yalnız stenoqram hesabatdan sitat gətirməyi qadağan edir, deməli, o, müəyyən çərçivə ilə məhdudlaşır. Məhkəmə işləri ilə bağlı ictimaiyyətin məlumat almaq hüququ olduğuna görə dinləmələr zamanı səsyazma və şəkil çəkmə qanuna zidd deyil. Hərçənd televiziya kameraları ilə çəkilişə icazə verilmir.
Fransa qanunlarının müəyyən etdiyi prinsipə əsasən, məhkəmə prosesləri ictimaiyyət üçün açıqdır və jurnalistlər həmin proseslərdən sərbəst reportaj hazırlaya bilərlər. Jurnalistlər 1881-ci il Aktı ilə, böhtanla bağlı proseslərdə və açıq məhkəmə iclaslarında səsləndirilən fikirlərlə bağlı xoş məramlı reportajlar hazırlayarlarsa, mətbuat müəyyən immunitet əldə etmiş olur. Məhkəmə proseslərinin ictimaiyyət üçün açıq olması və həmin proseslərdən sərbəst reportajlar hazırlanması prinsipində bəzi istisnalar müəyyən olunmuşdur. Bu istisnaların məqsədi ilk növbədə çəkişən tərəflərin hüquqlarını, proseslərinin ədalətliliyini və şəxsi həyatın, xüsusən azlıqların şəxsi həyatının toxunulmazlığını qorumaqdır. Bəzi hallarda, o cümlədən qadına qarşı zorakılıq halları ilə bağlı cinayət prosesləri, hətta məhkəmə bu prosesdə mətbuatın iştirakı barədə qərar çıxarsa belə, zərərçəkən tərəfin tələbi əsasında kənar şəxslərin iştirakı olmadan həyata keçirilə bilər (Cinayət Prosessual Məcəlləsinin 306-cı maddəsi). Zərərçəkənin yazılı razılığı olmadıqda mətbuat onun soyadını və ya identifikasiyası ilə bağlı hər hansı informasiyanı dərc edə bilməz (39-cu maddə “quinquies”).
Yetkinlik yaşına çatmayanların məhkəməsi kənar şəxslərin iştirakı olmadan həyata keçirilir. Bu cür məhkəmədən qabaq həmin məhkəmə prosesindən hesabatları, yetkinlik yaşına çatmayan şəxsin identifikasiyası ilə bağlı hər hansı informasiyanı və ya onun şəklini dərc etmək qadağan olunur (Ordonance of 2 February 1945, Article 14(2). Yetkinlik yaşına çatmayan şəxsin adını çəkməmək şərti ilə məhkəmə qərarları dərc edilə bilər. 1881-ci il Aktının 39-cu maddəsi yetkinlik yaşına çatmayan şəxsin özünə qəsd etməsi ilə bağlı hər hansı mətnin və ya fotonun dərc olunmasını qadağan edir. İsveçin ədalət mühakiməsi ümumən ictimaiyyətin və medianın üzünə açıqdır, amma məhkəmə zalında çəkiliş kameralarının olmasına icazə verilmir. Hər halda mətbuatın qəbul etdiyi Etika Məcəlləsində nəzərdə tutulur ki, cinayət işlərində ictimai maraqlar tələb etməsə, müttəhimlərin şəxsiyyəti identifikasiya edilməməlidir. Qeyd etmək lazımdır ki, İsveç mediasına nisbətən başqa ölkələrin mediasında məhkəmə prosesləri daha geniş işıqlandırılır.
Norveçdə məhkəmə iclaslarının açıqlığı mühüm şərtlərdən biridir. Ümumiyyətlə, mətbuatın və ictimaiyyətin məhkəmə iclaslarında iştirak etmək hüququ vardır. Lakin məhkəmə iclasın qapalı keçirilməsi barədə qərar çıxara bilər və müəyyən hallarda məhkəmə prosesi barədə yazı dərc etməyi mətbuata qadağan edə bilər. Cinayət Məcəlləsinin 126-cı bölməsində qeyd edilir ki, proses iştirakçılarının şəxsi həyatının toxunulmazlığı hüququ informasiyanın ictimaiyyət üçün əlçatan olması hüququnu üstələyərsə, məhkəmə araşdırması ictimaiyyət üçün qapalı keçirilə bilər.
Bundan başqa, cinayət işi üzrə məhkəmə çəkişmələri zamanı müttəhim məhkəmə zalına daxil olarkən və ya oradan çıxarkən onun fotoşəklini çəkməyə qadağa qoyulmuşdur. Lakin cinayət işi ciddi olduğu və ictimai maraq böyük olduğu hallarda məhkəmə arabir şəkil çəkməyə icazə verə bilər. Radio və televiziya yayımı qadağan edilir, lakin bu barədə müraciət olduqda çox zaman buna icazə verilir.
Sabir Məmmədli
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti
