Məzmuna keç

Yasamal Rayon Məhkəməsində “İnsan hüquqları media müstəvisində” adlı tədbir keçirilib –

Yasamal Rayon Məhkəməsində "İnsan hüquqları media müstəvisində" adlı dəyirmi masa keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media nümayənləri iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova tədbiri giriş sözü ilə açaraq bildirib ki, ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlər görülür. O qeyd edib ki, tədbirin keçirolməsində məqsəd hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.

Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə Prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.

Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə çıxışında bildirib ki, Azərbaycanda jurnalist peşə fəaliyyətini yerinə yetirərkən ona mane olunmamalıdır, lakin hər bir peşəkar jurnalist etik davranışlara diqqət yetirməlidir.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov insan hüquqlarının etibarlı təmin olunmasında məhkəmə hakimiyyətinin müstəsna rolunu qeyd edərək məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker-hakimlərin ayrıldığını diqqətə çatdırıb.

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov isə çıxışında bildirib ki, hakimlər media ilə münasibətlərin qurulmasının çətin olduğunu deyirlər. O həmçinin deyib ki, məhkəmələrdən, hakimlərdən qərəzli yazan jurnalistlər də var. Ə.Cəfərov bildirib ki, qərəzli mövqelərin azalması, görülən işlərin işıqlandırılması daha yaxşı olardı.

Tədbirdə həmçinin Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev və spiker hakimlər də çıxış edib.