Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsi tərəfindən xeyirxah aksiya keçirilib –

Bakı Apellyasiya Məhkəməsinin 15 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində 1 iyun tarixində – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə xeyirxah aksiya keçirilərək məhkəmə aparatının əməkdaşları tərəfindən Bakı şəhərində Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağı, şəhərin Binəqədi rayonunda yerləşən qadın-uşaq sığınacağı, habelə xəstə uşaqları olan iki ailə ziyarət olunub.

E-huquq.az xəbər verir ki, aksiya çərçivəsində uşaq sığınacaqlarına ərzaq və qida, eləcə də gündəlik zəruri olan digər məhsullardan ibarət yardım göstərilmiş, uşaqlar üçün əyləncəli proqram təşkil olunub, xəstə uşaqları olan iki ailəyə isə maddi yardım edilib.

"Ölkə Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrinin uşaqlarına, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Bakı Apellyasiya Məhkəməsi olaraq kollektivimiz bayram münasibətilə bütün uşaqları, o cümlədən xüsusilə şəhid övladlarını təbrik edir, onlara sağlam və firavan gələcək, xoşbəxt həyat arzulayırıq", – deyə məhkəmədən verilən məlumatda qeyd olunub.