Məzmuna keç

Çingiz Əsgərov: “Avropa Məhkəməsi daha çox siyasi quruma çevrilməyə başlayıb”

"Problem ondan ibarətdir ki, Avropa Məhkəməsi daha çox siyasi quruma çevrilməyə başlayır. Siyasi mülahizələr Avropa Məhkəməsinin qərarlarında böyük təsir göstərir. “Bankoviç” işi, Gürcüstan Rusiyaya qarşı qərarlarda ortaya qoyulan məsələləri digərlər qərarlarla müqayisədə görünür ki, burada siyasi mülahizələr təsir göstərir. Bizim 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfi Türkiyəyə qarşı müvəqqəti təminat tədbirinin görülməsi barədə sorğu verib. Ermənistan hökuməti öz mediasından məqalələri Avropa Məhkəməsinə göndərib, guya Türkiyənin Azərbaycana hansısa döyüşçülərin gətirilməsində iştirak etməsi və sairlə bağlı cəfəngiyyat irəli sürülüb və Avrop Məhkəməsi də bunu dəstəkləyib. Əlbəttə ki, qələbəmizdən sonra bu müvəqqəti təminat tədbiri ləğv edildi".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi elə müharibə zamanı 200 erməni barəsində Azərbaycana müvəqqəti təminat tədbiri göndərib tələb edirdi ki, onlar barəsində məlumat verilsin: "Azərbaycan deyirdi ki, bizdə belə məlumat yoxdur, harada olduğunu bilmirik. Onlar əsirlikdə olmayıb, hərbçilərimiz onlarla ünsiyyət də qurmayıb. Beynəlxalq Qızıl Xaç Komitəsi də deyir ki, onlar Azərbaycanda yoxdur. Amma Avropa Məhkəməsi hələ də bu təminat tədbirini qüvvədə saxlayır. Çünki siyasi məsələdir. Sonra da beynəlxalq təşkilatlarda, Beynəlxalq Ədalət Məhkəməsində desinlər ki, Azərbaycan barəsində hələ də təminat tədbiri ilə bağlı qərardadlar mövcuddur. "Çıraqov və digərləri Ermənistana qarşı" işi Avropa Məhkəməsinə yeni daxil olanda o vaxtı məhkəmənin sədri Jan-Pol Kosta açıq-aydın demişdi ki, bu, siyasi məsələdir və Avropa Məhkəməsi buna baxmamalıdır. "Kipr Türkiyəyə qarşı" işinə baxıb, qərar qəbul edir, amma "Çıraqov və digərləri Ermənistana qarşı" işini siyasi məsələ hesab edir".

Çingiz Əsgərov qeyd edib ki, Ali Məhkəmə tərəfindən Avropa Məhkəməsinin qərarlarının icrası daha çox nəzəri xarakter daşıyır: "Çünki hələ kommunikasiyada olan işlər üzrə harada problem varsa, o mövqeləri qəbul edirik və təcrübədə onun tətbiq edilməsinə çalışırıq. Məsələn, Ali Məhkəmənin Plenumu tərəfindən qətimkan tədbirləri ilə bağlı qərarı məhkəmə qərarı ilə bağlı olmayıb. O yalnız kommunikasiyalarda ortaya çıxan məsələlərlə bağlı olub. Bilirsiniz ki, bir çox məsələlər üzrə, məsələn, qətimkan tədbiri ilə bağlı, inzibati xətalarla bağlı tətbiq olunan cəzalar Ali Məhkəməyə gəlmir. Çünki onlar apellyasiya məhkəməsində bitir. Ali Məhkəmə bu məsələyə baxmır, lakin biz çalışırıq ki, bununla bağlı bir təlimlər keçirək, hakimlərlə müzakirə aparaq. Hətta Plenum qərarlarında əks etdirməyə çalışırıq ki, bu tərcübə aşağı instansiya məhkəmələri tərəfindən tətbiq edilsin. Avropa Məhkəməsi tərəfindən qəbul olunan qərarlar həbs qətimkanla bağlı, inzibati həbslə bağlı qərarlar 2016-cı ilədək olan hadisələrlə bağlıdır. Ali Məhkəmə çalışır ki, hətta o zaman ortaya çıxan problemlər təkrarlanmasın. Məncə, bu sahədə müəyyən nailiyyətlər əldə olunub".

Sədr müavini Ali Məhkəmənin fəaliyyəti və gördüyü işlərdən də danışaraq qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklərlə Ali Məhkəmənin səlahiyyətləri daha da genişləndirilib.

Etibar Məmmədli