Məzmuna keç

İpotekaya xitam verilməsi ilə bağlı iddia tələblərinə dair vahid məhkəmə təcrübəsində

Ali Məhkəmənin Mülki Kollegiyasının daha bir təqdimatına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Mülki və Kommersiya kollegiyaları birgə Qərardad qəbul edib.

E-huquq.az-ın məlumatına görə, Mülki Kollegiyanın sədri Sənan Hacıyev qəbul edilən qərardadın bu sahədə məhkəmə təcrübəsində mövcud olan qeyri-müəyyənliyi aradan qaldırmaqla, məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsinə ciddi töhvə verəcəyini bildirib.

O, qərarda əks olunmuş mühüm məqamlara diqqət çəkib:

– “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi.

– Məhkəmələr, ipotekaya xitam tələbinə baxarkən ipoteka saxlayanın hərracın qanuniliyinə dair hər hansı iddia və ya etirazlarının olmadığı halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanan ipotekaya xitam verilməsi tələbinin təmin edilməsi üçün yuxarıda qeyd edilən 3 şərtin məcmu halda mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənməlidirlər.

– “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi çərçivəsində ipotekaya xitam tələbinə dair iddiaya baxılarkən (bir icraat çərçivəsində) hərracların və onların nəticələrinin qanuniliyinin yoxlanılması ipoteka saxlayanın tələbləri və ya buna bərabər tutulan etirazları əsasında mümkündür. Belə bir tələbin və ya etirazın olmadığı halda məhkəmənin öz təşəbbüsü ilə həmin məsələni yoxlaması isə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində açıqlanan dispozitivlik prinsipinə və hərracların etibarsızlığına dair Mülki Məcəllənin 416.1-ci maddəsinə ziddir.

– İpoteka saxlayan öz etirazlarını bildirdikdə, məhkəmə 3 şərtin məcmu halda mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənməyərək, hərracın qanuniliyini etirazın dəlilləri baxımından yoxlamalı və hərracın qanunvericiliyə zidd şəkildə keçirildiyi öz təsdiqini tapdığı halda, ipotekaya xitamın verilməsi tələbinə dair iddianı təmin etməməlidir.

– Qeyd olunan əsaslarla ipotekaya xitam verilməsi barədə iddia tələbi təmin olunmadığı təqdirdə, icra edilməyən və ya qismən icra edilmə əsası ilə məhkəməyə qaytarılmış icra sənədi ipoteka saxlayanın müraciəti əsasında yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar (icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması əsasları) aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir.

– Həmçinin, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçrilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır.

– İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur;

– İpoteka predmeti ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair hərrac təşkilatçısına iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir

– “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər;

– Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər;

– Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

Qərardadın mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi ilə bağlı iddia tələbləri üzrə qanunvericiliyin tətbiqi məsələlərinə aydınlıq gətirildi