"Bəzən hakimlər, xüsusən də cavan hakimlər, müəyyən nəzəri bilikləri olmasına baxmayaraq, praktiki səhvlərə yol verir və ədalət prinsipini pozur".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxış edərkən deyib.
"Hər zaman vətəndaşın yanındayam, amma bəzi məsələlər var ki, ola bilmirik. Belə ki, bir çox hallarda vətəndaşlar xüsusən də tikinti şirkətlərinə qarşı əsassız iddialar qaldırır və ya mülkiyyət sahiblərinə qarşı pul tələbi irəli sürür. Bu halda iddiaçılar müvəqqəti təmin tədbiri kimi məhkəməyə ərizə verərək sahibkarın əmlakına, pul hesabına və ya qanuni olan başladığı işinə həbs qərardadı alaraq işini iflic vəziyyətə qoyur. Nəzərə alsaq ki, məhkəmələr uzun bir vaxt ərzində işə baxır və yuxarı instansiyalarda mübahisələndirilir, bu vaxt ərzində sahibkar və mülkiyyətçi faktiki olaraq heç bir iş görə bilmir və onun sahibkarlıq hüququ pozulur. Yəni, hakimlər formal ədalət mühakiməsini yox, həqiqi ədalət mühakiməsini həyata keçirməlidir”, – deyə o qeyd edib.
Razi Nurullayev bildirib ki, əsasən bu problemlər inzibati və kommersiya məhkəmələrində baş verir: “Nəzərə alsaq ki, sahibkar və ya mülkiyyətçinin də ayrı-ayrı öhdəlikləri olur, həmin sözü gedən və əsassız qoyulan həbs qərardadları sahibkarların işinə çox ciddi maneəçilik törədir. Hakimlərə tövsiyə olunmalıdır ki, uğursuz və perspektivi olmayan işlər üzrə diqqətli olmalı, əsassız həbs qərardadları verilməməli və belə növ işlərə çox vaxt ayırılmamalıdır. Belə ki, hakimlər öz vaxtını da səmərəli keçirməlidir axı. Hər bir əsassız iddia büdcə vəsaitin xərclənməsi deməkdir. İnzibati işlər üzrə hakimlər gözlərini yumub daha çox dövlət qurumunun protokollarını təmin edir. Azmış kimi, bəzi hallarda sahibkara yazılan protokollar əsassız olur, onlar heç məhkəməyə gəlib öz iddialarını müdafiə etmir, amma mülkiyyətçi məcbur olur gəlir, pul xərcləyir yollara, vəkilə və s. Hakimlər isə bir tərəfli qaydada “protokolu” müdafiə edir, sanki həmin dövlət qurumuna xidmət edirlər. Məhkəmə sistemi güclu olduğu təqdirdə hüquqi dövlət olaraq güclü olur və cəmiyyətin bütün sahələri inkişaf edir. Məsələn, Singapur! Məhz məhkəmələrin köklü islahatı nəticəsində Singapurda yüksək iqtisadi inkişaf oldu. Bizdə də məhkəmə islahatları davam edir. Ümid edirəm ki, gördüyümüz müsbət nəticələr daha da gözəgəlimli olacaq. Əziz hakimlər, sizi bir daha təbrik edir və hər birinizə nailiyyətlər arzulayıram”.
