Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində bəzi məhkəmə prosesləri təxirə salınıb.
Bu barədə e-huquq.az-a məhkəmənin spiker-hakimi Telman Hüseynov məlumat verib.
Hakim bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yollarda nəqliyyatın hərəkəti çətinləşib və nəticədə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəməyə gətirilməsində çətinliklər yaranıb: "O təsdiqləndirilən şəxslər ki, barəsində həbs qəti-imkan tədbiri seçilib və istintaq təcridxanasında saxlanılır, onların məhkəmə prosesləri təxirə salınıb. Lakin barələrində həbslə əlaqədar olmayan qəti imkan tədbiri seçilən şəxslərin prosesləri isə aparılır".
T.Hüseynov deyib ki, növbəti günlərdə də proseslərin təxirə salınıb-salınmayacağı ilə bağlı konkret fikir bildirmək mümkün deyil: "Bu, hava şəraitindən asıdır. Əgər təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəməyə gətirilməsində hər hansı problem olmasa, təbii ki, proseslər baş tutacaq. Bütün hakimlər, məhkəmə əməkdaşları iş başındadır".
Xəyalə Bünyatova
