- 18:43
“Bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinin sədri hörmətli İlham Əhmədov məni görüşə dəvət etdi. Vaxtilə məhkəmədə bərabər işlədiyimiz, indi isə sərbəst vəkillik ilə məşğul olan dostlarımızdan birinə bu dəvət haqqında məlumat verəndə, o, mənə İlham müəllimlə görüşdən sonra məhkəmə sisteminə olan baxışımın xeyli dəyişəcəyini dedi və elə də oldu. Hörmətli sədr məni çox yüksək səviyyədə qəbul etdi və çox səmimi söhbət etdik”.
E-huquq.az xəbər verir ki, bunu Almaniyada yaşayan hüquqşünas, iş adamı Rəşad Quliyev bildirib.
O qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov haqqında daim müsbət fikirlər eşidib: “İlham müəllimlə görüşdə həm Almaniyadan, həm də Azərbaycandan danışdıq. O, məni sədrlik etdiyi məhkəmənin inzibati binası ilə tanış etdi. Yadımdadır, o vaxtlar arxiv otağının nə açarı, nə sənədlərin rəfi, nə də ki, işçisi var idi. Amma indi vətəndaş ərizə ilə müraciət etdikdə arxivdən 5 dəqiqə ərzində illər öncənin sənədlərini tapıb çıxartmaq mükündür. Məhkəmədə hər şey elektronlaşdırılıb. İlham müəllim bildirdi ki, pandemiya dövründə burada işləyən 50-ə yaxın işçidən heç biri koronavirusa yoluxmayıb. Çünki binada hər gün klinika tərəfindən yüksək səviyyədə dezinfeksiya işləri aparılıb. Çox səmimi söhbətdən sonra təsisçisi və direktoru olduğum “VİP ESCORT” MMC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasındakı mübahisəli məsələyə də öz fikrini bildirərək, hakimlərə hər zaman ədalətli qərar çıxarmaq tapşırığını verdiyini və təəssüf ki, bəzi hakimlərin bəzən səhvi ucbatından ədalətsiz qərarların çıxarıldığını bildirdi. Mən də İlham müəllimə tənqidi fikirlərimdə ədalətsiz qərar çıxaran hakimi nəzərdə tutduğumu və bir hakimin səhvi ucbatından şirkətimin adının artıq neçə illərdir ki, məhkəmə zallarında səsləndirildiyindən təəssüf hissi keçirtdiyimi bildirdim. Prosesual məcəlləyə uyğun olaraq və hüquqlarımdan istifadə edərək qanunla müəyyən edilmiş şəkildə hakimin qərarından daha yüksək instansiyalara şikayət edəcəyimi qeyd etdim”.