Məzmuna keç

“Yeni təyin olunan gənc hakimlərin məhkəmələrə olan etimadın möhkəmləndirilməsinə töhfə verəcəklərinə dərin inam var”

"Bildiyiniz kimi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməsi, məhkəmə icraatının effektivliyi yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər, gücləndirilməsi qəti vəzifə olaraq müəyyən edilib. Ötən 4 il ərzində qarşıya qoyulan bu məqsədlərə doğru inamlı yol qət edilmiş, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə dövlət başçısınınqarşıya qoyduğu tapşırıq və tövsiyələrin realizəsi istiqamətində ciddi nəticələr əldə olunub".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, qarşıya qoyulan və həll edilməsi vacib problemləri təhlil edərkən bu çatışmazlıqların kökündə dayanan əsas amillərdən biri kimi hakimlərin sayının iş yükü və əhalinin sayına mütanasib olmaması faktorunun çıxış etdiyi görünür.

"Konstitusiyanın 8-ci maddəsinə müvafiq olaraq məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi dövlət başısı da məhz bu səbəbdən adıçəkilən Fərmanda məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılmasını qərara almışdı. Həmin dövrdən etibarən Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi həm vakant yerlər, həm də əlavə ayrılmış 200 hakim ştatı üzrə yerlərin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlərə start vermiş, fasiləsiz sənəd qəbuluna başlanıb, şəffaf və obyektiv hakim seçimləri intensivləşdirib", – deyə deputat bildirib.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə seçim turları və təlim mərhələlərini uğurla başa vurmuş, mütləq əksəriyyəti gənc olan 40 nəfər hüquqşunasın birinci instansiya məhkəmələrinin hakimləri təyin olunması da məhz bu baxımdan qiymətləndirilməli, 3 aprel 2019-cu il tarixli Fərmanla müəyyənləşmiş hədəflərə doğru mühüm addım hesab edilməlidir.

"Yeni təyin olunan gənc hakimlərimizin cəmiyyətin məhkəmə sisteminə, həmçinin məhkəmə orqanlarının əxlaqı, vicdanlılığı və ələalınmazlığı məsələlərində məhkəmə sisteminin nüfuzuna olan inamının demokratik cəmiyyətdə birinci dərəcəli rol oynadığını nəzərə alacaqlarına, dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında məsuliyyətlərini dərk edərək, ölkədə ədalət mühakiməsini Konstitusiya və qanunlara tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyi və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına və beləliklə də məhkəmələrə olan etimadın möhkəmləndirilməsinə töhfə verəcəklərinə dərin inam var. Yeni təyin olunan hakimlərin hər birinə uğurlar arzu edirik", – o əlavə edib.

Xəyalə Bünyatova