Azərbaycan ətraf mühitə xüsusi diqqət yetirən inkişaf etmiş ölkələrdən biridir və heç də təsadüfi deyil ki, ölkəmizdə qəbul olunan 2 sahəvi qanunu daim təkmilləşir, 20-yə yaxın aidiyyəti konvensiya ratifikasiya edilmiş, “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” (Orxus Konvensiyası) BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyasının icrası məqsədi ilə Ətraf Mühitə dair İctimai Məlumat Mərkəzi (Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi) yaradılmışdır.
Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyi və ekofəalların məlum ərazidə sərvətlərin istismarına son qoyulmasına çağırış aksiyası məhz milli qanunvericilik, beynəlxalq konvensiyalar və beynəlxalq təşkilatların müəyyən etdiyi meyarlara əsaslanır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlət tərəfindən atılan addımlar zamanı hazırki hala aid olmasa da, hətta şəxsin mülkiyyət hüququnun toxunulmazlığı əsas hüquqlardan biri olsa belə, dünya üçün təbii mühitin önəmli olduğu xüsusi vurğulanır və cəmiyyətin maraqlarına xidmət etdiyinə görə digər hüquqlardan üstün tutulur. Məsələn, Belçikada yaşayan Hamer v. valideynləri meşə zolağına aid hissədə təxminən 50-ə yaxın şam ağacını kəsməklə dövlətin razılığı olmadan ev tikir və 37 il kommunal xərcləri ödəməklə evdən istifadə edirlər, lakin hökümətin qərarı ilə əvvəlki vəziyyətin bərpa edilməsi üçün özbaşına tikili sonradan sökülür. Bu qərarla razılaşmayan Hamer v. Belçika dövlətinə qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlə müraciət edir. Həmin iş üzrə Avropa Məhkəməsi 27 noyabr 2007-ci il tarixdə qəbul etdiyi qərarında qeyd edir ki, “müasir cəmiyyətdə ətraf mühitin mühafizəsi daha vacib amildir” və “iqtisadi mülahizələr və hətta mülkiyyət hüququ kimi bəzi fundamental hüquqlar, xüsusən də dövlətin müvafiq qanunlar qəbul etdiyi hallarda ekoloji mülahizələrdən üstün olmamalıdır. Avropa Məhkəməsinin digər bir işində, dövlət orqanı tərəfindən dağ-mədən sənayesində ixtixaslaşmış şirkətə qızıl və gümüş yataqlarının istismarına verilmiş icazədən sonra şirkətin tərəfindən təhlükəsizlik qaydalara riayət etməməsi səbəbindən ətraf mühit üçün yarada biləcəyi risk və təhlükələrin yetərincə qiymətləndirilməməsini dövlətin qüsuru kimi dəyərləndirmiş və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin pozuntusunu müəyyən etmişdir (Tatar Rumıniyaya qarşı işi).
Dövlətin sərvəti deyəndə yalnız təbii deyil, eyni zamanda maddi-mədəni, qeyri-maddi mədəni və təbii irslər (bundan sonra sərvətlər) başa düşülür.Əvəzolunmaz sayılan sərvətlərin qanunsuz istismarı Azərbaycan dövlətinə hər gün bərpa olunmayan ziyan vurur. Vurulmuş zərərin miqyasının qiymətlədirilməsi üçün vaxt tələb olunur və buna görə də, daha artıq zərərin vurulmasının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi, sərvətlərin qanunsuz istismarında iştirak edən bütün fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunması labüddür. Çoxsaylı misallardan biri olaraq, foto və video faktlarla təsdiq olunan Zəngilan rayonunun Vejnəli kəndinin inzibati ərazisində yerləşən qızıl yatağının qanunsuz şəkildə Ermənistan və xarici şirkətlər tərəfindən istismar edilməsini qeyd etmək olar. Ermənistanla yanaşı, vaxtı ilə işğalçı dövlətlə əlbir olaraq sərvətlərin istismarında iştirak edən xarici şirkətlər vurulmuş zərərin əvəzinin tələb edilməsi zamanı Azərbaycan dövlətinin qanuni hədəfində ola bilər.
İnsanların həyat və sağlamlığı, ətraf mühit, fauna və flora bütün vasitələrlə qorunmalı olduğu halda texnologiyanın nəzarətsiz istifadəsi və təbii sərvətlərin həddindən artıq istismarı ciddi təhlükə yaradır. Ətraf mühitin deqradasiyası təhlükəsinin qarşısını alarkən başqa vasitələrin həyata keçirilməsi ilə yanaşı, cinayət hüququ bu işdə mühüm rol oynayır.
Dövlət razılığı və nəzarəti olmadan sərvətlərin istismarı, daşınması, dağıdılması və ya hər hansı işlərin görülməsi cinayətdir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonunun ərazisində olan sərvətlərin Azərbaycan Respublikasının razılığı olmadan istismar edilməsi beynəlxalq hüququn dilində oğurluq adlanır (Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Konvensiya, Ətraf Mühitin Cinayət Qanunu Yolu ilə Mühafizəsi haqqında Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya və s.)
Ölkənin suveren ərazisində onun razılığı olmadan ictimai maraqlara toxunan hər hansı işlərin görülməsi ağlasığmaz haldır.
Beynəlxalq sənədləri və təcrübəni əsas götürsək hazırda yaranmış vəziyyətin qarşılığında ekofəallarımızın tələbi minimaldır. Ekofəalların dinc keçirdikləri xoş niyyətli aksiyada yolun əhali və avtomobillər üçün maneəsiz keçidinə şərait yaradılması bütün kütləvi informasiya vasitələrində nümayiş olunur.
Bu aksiyadan fərqli olaraq məsələn, Fransada 10 dekabr 2022-ci il tarixdə 200-ə yaxın ekoaktivist əllərində balta ilə ölkənin cənubunda yerləşən adı qalmaqallı işlərdə hallanan Lafarge şirkətinə məxsus zavoda ciddi zərər vurmuşdur. Araşdırma aparılmasına başlansa da, hər hansı şəxs saxlanılmamışdır.
Azərbaycan ictimaiyyətinin beynəlxalq təşkilatlardan ekologiyaya aid məsələlərdə nümayiş etdirdikləri mövqelərini təkrarlayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ekoloqlarımız tərəfindən sərvətlərin qanunsuz istismarına son qoyulması ilə bağlı çağırışlarına həmrəylik göstəriləcəyinə dair gözləntisi vardır.
Eyni zamanda ictimaiyyət əmindir ki, ölkə başçısı cənab İlham Əliyev nəyi, harada və nə vaxt edəcəyini yaxşı bilir. Həmişəki kimi!
Zaur Hacıyev
Sumqayıt Şəhər Məhkəməsinin hakimi
