Türkiyə Ali Məhkəməsində süni intellekt əsasında Hüquq Mərkəzi yaradılır.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Məhkəmənin sədri Mehmet Akarca məlumat verib. O bildirib ki, mərkəz ən geci iyun ayında fəaliyyətə başlayacaq.
Sədrin sözlərinə görə, istifadəçini fərdi şəkildə tanıyan yeni sistem ona axtardığı məhkəmə qərarını qısa müddətdə tapmağa imkan verəcək.
Akarca, 2015-ci ildən istisnasız olaraq bütün Ali Məhkəmə qərarlarını ictimaiyyətə açıq etdiklərini xatırladaraq, bu təşəbbüsün şəffaflıq və hesabatlılıq baxımından əhəmiyyətli olduğunu bildirib. Digər tərəfdən, o, bəzi qərarların heç bir süzgəcdən keçirilmədən internet saytında yerləşməsinin presedent qərar axtaranlar üçün çətinlik yaratdığını deyib və Ali Məhkəmə Hüquq Mərkəzinin yaradılması ideyasının da məhz buradan ortaya çıxdığını qeyd edib.
Akarca bildirib ki, sistemdə bələdçinin əsas başlıqlarına uyğun olaraq axtarış etmək mümkün olacaq. Qərarlar əhəmiyyət dərəcəsi də daxil olmaqla, istifadəçinin müəyyən etdiyi sorğu meyarlarındakı sıraya görə ekranda görünəcək.Həmçinin istifadəçilər onlar üçün maraqlı olan qərarları sistemdə yaratdıqları fayllarında saxlamaq imkanı da əldə edəcəklər.
Xəyalə Bünyatova
