Məzmuna keç

Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub

2023-ci il yanvarın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Hakimlər insan hüquqlarının müdafiəsi vasitəsilə demokratiyanı qoruyur” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak edib.

E-huquq.az xəbər verir ki, seminarda “Demokratiyanı qoruyan hakimlər”, “Fikir azadlığı və demokratiya”, “Sərbəst toplaşmaq və birləşmək azadlığı və demokratiya” və “Azad seçki hüququ və demokratiya” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminarın sonunda Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakimi xanım Səadət Yüksəlin müraciəti dinlənilib.

Seminardan sonra həmin gün axşam saatlarında məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Siofra O’Liri və İtaliya Konstitusiya Məhkəməsinin sədri xanım Silvana Sciara çıxış ediblər.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.