Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkil edilməsi çərçivəsində 2022-ci ilin noyabr ayından etibarən “Açıq qapı” günləri təşkil edilir.
E-huquq.az xəbər verir ki, növbəti “Açıq qapı” günləri çərçivəsində Azərbaycan Respublikasının əməkdar artisti, yazıçı, aktyor və rejissor, əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, 40-dan artıq uşaq kitabının müəllifi Bəhram Bağırzadənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar nəşr olunan “Mən hakim olmaq istəyirəm” kitabının təqdimatı keçiriləcək.
Bu, Bəhram Bağırzadənin uşaqlar üçün yazdığı kitab silsiləsindən növbəti nümunədir. Kitabda məhkəmələrin qədim zamanlardan günümüzədək necə dəyişərək formalaşdığı, ölkəmizdə hazırda mövcud olan məhkəmələr barədə məlumatların uşaqlara onların anlaya biləcəkləri sadə dildə izahı və illustrasiyalar vasitəsilə təsviri yer alıb. Kitab Azərbaycan dilində nəşr olunub.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəhbərliyi və müəllif bütün oxucularını və həmfikirlərini yeni kitabın işıq üzü görməsi sevincini Bəhram Bağırzadə ilə bölüşməyə dəvət edir.
Təqdimata gələn məktəbyaşlı uşaqlar hədiyyə kitab əldə etməklə yanaşı Bəhram Bağırzadədən avtoqraf ala və onunla xatirə şəkli çəkdirə biləcəklər.
“Mən hakim olmaq istəyirəm” kitabının təqdimatı 7 fevral tarixində saat 15:00-dan 18:00-a qədər Bakı Kitab Mərkəzində (Baku Book Center) davam edəcək.
İştirak etmək istəyən şəxslərdən aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
