Məzmuna keç

Şirvan Kommersiya Məhkəməsi vətəndaşların qəbulu ilə bağlı məlumat yaydı

Şirvan Kommersiya Məhkəməsi vətəndaşların qəbulu ilə bağlı məlumat yayıb.

E-huquq.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunub ki, qəbula yazılmaq üçün qeydiyyatdan keçməklə aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

– şəxsiyyəti təsdiq edən sənəd;
– müraciət;
– müraciətdə göstərilən məsələ ilə bağlı müvafiq sənədlər.

Bildirilib ki, qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar məhkəmənin məsul əməkdaşına müraciət edir. Məsul əməkdaşı müraciət müəllifinə müraciətində qaldırılan məsələ ilə bağlı müvafiq izahlar verir və ya onun məhkəmənin sədrinin qəbuluna yazılmasını təmin edir.

Diqqətə çatdırılıb ki, vətəndaşların qəbulu məhkəmənin sədri və məhkəmə aparatının məsul əməkdaş(lar)ı tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

– Şirvan Kommersiya Məhkəməsinin sədri tərəfindən vətəndaşların qəbulu həftənin cümə axşamı günü saat 14:00-dan 16:00-dək həyata keçirilir.
– Şirvan Kommersiya Məhkəməsinin aparatının məsul əməkdaş(lar)ı tərəfindən şəxslərin qəbulu həftənin I-V günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir.
– Şəhid ailə üzvləri, qazilər, əlillər, veteranlar və digər imtiyazlı vətəndaşlar məhdudiyyətsiz qəbul edilirlər.

Həmçinin vurğulanıb ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

"Vətəndaşlar hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərlə əlaqədar məhkəmənin [email protected] elektron poçt ünvanına, eləcə də 021-21-5-21-88 və faks: 021-21-5-21-88 nömrəli telefonlarla Şirvan Kommersiya Məhkəməsinin instaqram və facebook sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Əlavə olaraq bildiririk ki, 021-21-5-21-88 nömrəli telefona edilən zənglər zamanı qeyri-etik ifadələrə yol verən şəxslərlə əlaqə xəbərdarlıq edilmədən dərhal dayandırılacaq", – deyə məlumatda qeyd olunub.