Məzmuna keç

Vəkil: “Avropa Məhkəməsinin ev dustaqlığı qətimkan tədbiri ilə bağlı təcrübəsi Azərbaycan məhkəmələrində tətbiq olunur”

Suraxanı Rayon Məhkəməsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Hüseyn Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev vəsatət qaldırıb.

Vəkil xahiş edib ki, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilsin.

Vəsatət təmin olunub.

B.Hacıyev məhkəmənin qərarını yüksək qiymətləndirib: "Deyə bilərəm ki, müdafiə institutu inkişaf edir. Avropa Məhkəməsinin ev dustaqlığı qətimkan tədbiri ilə bağlı təcrübəsi Azərbaycan məhkəmələrində tətbiq olunmağa başlayıb. Qətimkan tədbirləri ilə bağlı ev dustaqlığının tətbiqi artıq Cinayət-Prosesual Məcəlləsinin müddəalarına uyğunlaşdırılıb. Bu gün məhkəmələrimizdə alternativ qətimkan tədbirləri ilə bağlı müsbət qərarlar verilir. Əvvəllər ev dustaqlığı çox az tətbiq olunan alternativ tədbirlərdən idi. İndi isə məhkəmə təcrübəsində bu kimi qətimkan tədbirlərindən nisbətən geniş istifadə olunur. Bu, müsbət haldır və humanist yanaşmanın göstəricisidir. Bu gün hüquqlarını müdafiə etdiyim şəxslə bağlı vəsatətə müsbət cavab verilməsi və onun ev dustaqlığına buraxılması sevindirici haldır. Belə qərarlar cəmiyyətdə məhkəmələrə inamı artırır".

Qeyd edək ki, 2022-ci il dekabrın 8-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Əliyev Hüseyn Cəfər oğlu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində şübhəli şəxs kimi saxlanılıb. Onun üzərindən 3 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülüb. Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb.