Məzmuna keç

Əli Hüseynli: “Milli Məclis və Ali Məhkəmə arasında səmərəli əməkdaşlıq mövcuddur”

"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyasında Ali Məhkəmənin də müstəsna yeri vardır. Təsadüfi deyil ki, Konstitusiyamızda Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ Ali Məhkəməyə də mənsubdur. Məhz buna görə də sonrakı illərdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatlarında Ali məhkəmənin fəal iştirakı olub".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Milli Məclislə Ali Məhkəmə arasında qarşılıqlı və səmərəli əməkdaşlıq mühiti mövcuddur.

"Məhkəmə-hüquq islahatları ilə bağlı bir sıra qanun layihələri hazırlayan işçi qruplarına məhz Ali Məhkəmə rəhbərlik edib, həmçinin qanun layihələrinin parlament komitələrinin müzakirəsində yaxından iştirak edib, səmərəli rəy və təkliflər verib. Ali Məhkəmə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bir sıra qanun layihələrini də parlamentə təqdim edib və qəbul edilib. Konstitusiya ilə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin hakimləri Milli Məclis tərəfindən təyin edilir. Bu təqdimatlara baxılarkən həm komitə, həm plenar iclasda Ali Məhkəmə və bütövlükdə məhkəmə-hüquq sistemində görülən işlər, problemlər və islahatlar da bir daha müzakirə olunur. Sözsüz ki, bu fikir mübadiləsi məhkəmə hüquq islahatlarının mütərəqqi məqsədələrinə xidmət edir. Təqdirəlayiq haldır ki, qanunvericiliyə müvafiq olaraq Milli Məclisin deputatı da məhkəmə hüquq şurasında təmsil olunur. Buda öz növbəsində parlamentin Ali Məhkəmə də daxil olmaqla bütövlükdə məhkəmə-hüquq sisteminin fəaliyyətindən məlumatlılığını təmin edir", – deyə Ə.Hüseynli qeyd edib.

Milli Məclis sədrinin birinci müavini deyib ki, Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dəqiqləşdirilməsi haqqında" Fərmanından sonra və görülmüş işlər nəticəsində ölkəmizdə məhkəmə sistemi keyfiyyətcə yeni mərhələyə daxil olub: "Bu islahatların qanunverici hissəsi, xüsusən də "Məhkəmələr və hakimlər haqqında" qanuna, mülki və cinayət qanunvericiliyinə edilmiş mütərəqqi dəyişikliklər, habelə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq mexanizminin qanunvericilikdə təsbit edilməsi bu islahatlara ciddi töhfə verib".

Xəyalə Bünyatova