Məzmuna keç

Səbinə Əliyeva: “Ombudsman təsisatı ilə Ali Məhkəmə arasında səmərəli əməkdaşlıq qurulub”

"Ali Məhkəmə kassasiya instansiyası olaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınmasına və bununla da insan hüquq və azadlıqlarının səmərəli təmininə, habelə, beynəlxalq standartların ölkəmizdə tətbiqinə öz töhfələrini verməkdədir".

E-huquq.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ali Məhkəmə ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədi ilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi, habelə bu ümumiləşdirmə nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan problemlərin aradan qaldırılması üzrə effektiv konistitusion məhkəmə mexanizmidir: "İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı ilə Ali Məhkəmə və digər məhkəmə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsi ilə bağlı müvəkkilə ünvanlanmış müraciətləri "Ombudsman haqqında" qanunla müəyyən olunmuş qaydada araşdırılması, qanunvericiliyin təhlili və təkmilləşdirilməsi, o cümlədən normativ hüquqi akt layihələrinə rəy və təkliflərin təqdim edilməsi, Ədliyyə Akademiyasında təşkil olunan kurslarda iştirak edən hakimlərin, hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması istiqamətində uğurla davam etdirilir. Bunula belə, hesab edirəm ki, xarici ölkə ombudsmanlarının məhkəmə orqanları, xüsusilə də ali məhkəmələrlə əməkdaşlıq təcrübəsi nəzərə alınmaqla, qurumlarımız arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün daha əlverişli şərait yarada bilər".

Xəyalə Bünyatova