"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyasında Ali Məhkəmənin də müstəsna yeri var. Belə ki, Konstitusiyamıza əsasən Ali Məhkəmənin də qanunvericilik təşəbbüsü hüququ var. Məhz buna görə də son illər ölkəmizdə hüququn aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması və bu sahədə digər islahatların icrasında Ali Məhkəmənin fəal iştirakı olub".
E-huquq.az xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ başlayıb.
"Son 3 il ərzində məhkəmələrə müraciət etmə imkanları daha da genişləndirilib, onların fəaliyyətində şəffaflıq artırılıb, məhkəmə icraatının səmərəliliyi yüksəldilib, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin edilib. Ali Məhkəmənin Milli Məclislə də səmərəli əməkdaşlığı var. Ali Məhkəmə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bir sıra qanun layihələrini də parlamentə təqdim edib və qəbul edilib. Eyni zamanda müxtəlif formatlarda məhkəmə-hüquq sistemində görülən işlər, problemlər və islahatların müzakirəsi zamanı Ali Məhkəmənin konstruktiv rolu təqdirəlayiqdir. Hesab edirəm ki, bugünkü Ali Məhkəmə son 100 ilin ən peşəkar, ədalətli və yüksək ictimai etimada malik məhkəməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!", – deyə deputat qeyd edib.
Eltac Nurullazadə
