Onkoloji xəstələrin və qazilərin bank hesablarındakı pulları ələ keçirməkdə təqsirləndirilən Elçin Quluzadənin cinayət içi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İttihama görə, E. Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E. Quluzadə barədə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
