Məzmuna keç

Gəncədə 3 nəfəri bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatdı

Gəncədə bir ailənin üç üzvünü bıçaqlamaqda təqsirləndirilən Babək Nəsirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 30-na təyin olunub.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib. Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb. Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları B.Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə