Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaltmış, hər zaman xalqın, Vətənin təəssübünü çəkmiş, maraqlarını qorumuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafı təmin etmiş, müstəqilliyimizi əbədi və dönməz etmişdir.
Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulmuş, müstəqil dövlətin Konstitusiyası qəbul olunmuş, dövlətimiz dünyada öz layiqli yerini tutmuşdur. Həmçinin üçrəngli bayrağımız dövlət bayrağı kimi elan edilmişdir. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaltmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər XX əsr tariximizin ən əhəmiyyətli dövrü kimi qiymətləndirilir. İstər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə Heydər Əliyev yalnız respublikamızın inkişafı, milli azərbaycançılıq ideyalarının qo¬runub saxlanılması, xalqımızın firavan gələcəyi barədə düşün¬müş və buna nail olmuşdur.
Ötən əsrdə cərəyan edən əhəmiyyətli ictimai proseslərin, tarixi hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu məhz 1969-cu ildən başlanıb və ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün hər iki mərhələsi həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, qazanılan böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möh¬kəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bir həqiqətdir ki, 1991 -1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş vermişdir. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə hər zamankı kimi xalqın çağırışına cavab vermiş Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəlmiş və öz xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi fenomenal şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri vardır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinə başlanmış və qısa müddətdən sonra bu proses əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azər-baycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ulu Öndərin adı və onun fəaliyyəti ilə bağlıdır. Birmənalıdır ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın Avroatlantik təhlükəsizlik institutlarının işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə səmərəli əməkdaşlığın genişləndirilməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
2003-cü ilin oktyabr ayında ümummilli liderin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi Müzəffər Ali Baş komandan cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləmişdir. Belə ki, Ümumilli Lider Heydər Əliyev qeyd etmişdir: "Mən Ona özüm qədər inanıram".
Həqiqətən də Müzəffər Ali Baş komandan cənab İlham Əliyev Azərbaycan tarixində öz titanik fəaliyyəti ilə ümummilli liderin layiqli siyasi varisi olduğunu təsdiq etmiş, Azərbaycanın suverenliyini tam təmin etmişdir. 2020-ci il sentyabr ayının 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixi Qələbəsilə başa çatmışdır. Azərbaycan öz torpaqlarını 30 il davam edən işğaldan azad edərək, tarixi ədaləti bərpa etmişdir. Azərbaycanın Qələbəsinin əsasında öz liderinə, öz Prezidentinə sonsuz bir inamla güvənən xalq və hər zaman xalqın dəstəyinə arxalanan Prezident durur.
Azərbaycan xalqı ən həlledici məqamda öz iradəsini ortaya qoyaraq, dəmir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşmiş və işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Bu tarixi Zəfər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun növbəti təntənəsidir. Bu gün hər bir Azərbaycanlı Müzəffər Ali Baş komandan cənab İlham Əliyev kimi prezidentinin olmasından qürur duyur. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edildiyi kimi “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”.
Toğrul Məmmədov
Goranboy Rayon Məhkəməsinin sədri
