- 8 May 21:45
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rafət Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Babayev 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü R.Babayev 194 saylı marşrut üzrə idarə etdiyi "Daewoo BC090" markalı avtobusla piyada 1991-ci il təvəllüdlü Sərxan Muradovu vurub. Piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə