Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirov 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə oxunub.
Hökmə əsasən, 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilən Nurullah Dibirov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi "QAZ-31" markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
