Dünən (12.04.2024- cü il tarixində) Haaqada Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın Ermənistana qarşı “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasının (19.09.1979-cu il) tələblərinin pozulmasına dair ilkin iddiası üzrə işə baxılmışdır.
Bu Bern Konvensiyası üzrə Azərbaycan tərəfindən qaldırılan ilk dövlətlərarasi arbitraj prosesidir.
Bu tarixi arbitraj işinin məqsədi 30 il ərzində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalı dövründə ətraf mühitin və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə, Ermənistan dövlətini məsuliyyətə cəlb etməkdir.
Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan “Bern Konvensiyası” üzrə hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir.
Dünənki iclasda əsasən tərəflərin məhkəməyə təqdim edəcəkləri mövqeləri, dəllillər, müddət məsələləri və.s kimi prosedur məsələlərə baxılmışdır.
Məhkəmə yaxın həftələrdə hər iki tərəfin təqdim edəcəyi rəsmi mövqelər (münasibətlər) ilə bağlı öz yekun qərarını açıqlayaqcaq. Həmin qərar əsasında Azərbaycanın konvensiya uyğun olaraq öz əsas iddiasını və sübutlarını hansı müddətə kimi Arbitraj məhkəməsinə təqdim etməli olduğu bəlli olacaq.
Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüz və ərazilərinin 20 faizinin işğalı, eyni zamanda, ətraf mühit üçün ciddi fəsadlara səbəb olmuşdur.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurmuşdur.
Bütün bu əməllər bölgədəki təbii yaşayış mühitinə və vəhşi heyvan növlərinə ciddi ziyan vurmaqla yanaşı təbii ehtiyyatların tükənməsinə və biomüxtəlifliyinin məhv olmasına səbəb olub.
Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi, işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması nəticəsində Azərbaycanda 500-dən artıq vəhşı heyvan növü məhv olma təhlükəsi altındadır.
Eyni zamanda, Ermənistan bu cur addımları ilə çayların, o cümlədən transsərhədd çaylarının həddindən artıq çirklənməsinə səbəb olub. Həmin çaylar Ermənistan tərəfindən müxtəlif növ tullantılarla, o cümlədən kimyəvi maddələr və ağır metallar ilə çirkləndirilib.
Azərbaycan tərəfindən qaldırılmış dövlətlərarası iddia tələbinin əsasını yuxarıda sadalananlarla bağlı “Bern Konvensiyası”ndan irəli gələn hüquqi öhdəliklərin, xüsusi ilə də vəhşi heyvanların, flora və fauna mühitinin qorunub sağlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliklərin pozulması təşkil edir.
Ümid edirik ki, adıçəkilən Konvensiyaya uyğun olaraq, Beynəlxalq Məhkəmə qərar qəbul edərkən, siyasi qərar deyil, hüququn aliliyini əsas götürəcək və Ermənistanın ümumilikdə ekosistemə göstərdiyi vəhşi münasibətinə görə məsuliyyətə cəlb olunacaqdır.
Polad Mehdi
Vəkillər Kollegiyasının üzvü
