Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib


  • 29 Aprel 16:37

Bakıda vətəndaşı qətlə yetirməkdə təqsirləndirilən Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının qarşısındakı mağazalardan birində 1985-ci il təvəllüdlü Əhməd Hüseynov şəxsi münasibətlər zəminində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovu öldürüb.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra təqsirləndirilən şəxs Ə.Hüseynov ifadə verib. O barəsində elan edilən ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edib: "Hadisəni namus üstündə törətmişəm. Zərərçəkmişi heç vaxt tanımamışam".

Zərərçəkmiş şəxsin hüquqi varisi - mərhumun atası Kərəm Məmmədov təqsirləndirilən şəxsi əvvəllər tanımadığını bildirib: "Mərhum oğlumla danışanda dedi ki bir nəfərlə söz-söhbətim var idi lakin sonra yoluna qoydum. Məndə olan məlumata görə Əhməd Hüseynov oğlumun üstünə 5 nəfər yollayaraq döyüb. Təqsirləndirilən şəxs deyir ki hadisəni namus üstündə törədib. Lakin insan ilk olaraq namusunu öz içindən daha sonra kənardan təmizləyər. Barışıq əldə olunmayıb və məhkəmədən təqsirləndirilən şəxsə ən ağız cəza verməsini xahiş edirəm".

Məhkmənin növbəti iclası mayın 27-nə təyin edilib.

Oxşar xəbərlər