Vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadına hökm oxundu


  • 29 Aprel 17:35

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

O, məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Daha sonra hakim hökmü elan etmək üçün müşavirə otağına gedib.

Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. Hökmə əsasən, Telli Adiyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, istintaqla müəyyən olunub ki, Telli Adiyeva Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib.

Belə ki, F.Əhmədova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla ondan hissə-hissə cəmi 161 min 649 manat 16 qəpik məbləğində dələduzluq edib.

Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Elnur Tağıyevə külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib 17 min manat məbləğində nağd pul alıb. Həmin pulun 5 min manatını Elnur Tağıyevə qaytarsa da, qalan 12 min manat pulu ələ keçirib.

Eyni zamanda, Telman Ağakişiyevə 6 min manat, Taleh Süleymanova 8 min manat, İlkin Əlixanova 7 min manat məbləğində dələduzluq edib. Daha sonra onlar Səbuhi Qədirova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək aldatmaqla 52 min manat, Aida İbrahimovadan isə aldıqları 17 min manatın 10 min manatını ona qaytarsa da, 7 min manat məbləğində dələduzluq edib.

Həmçinin təqsirləndirilən şəxs Kəmaləddin Adiyevlə qabaqcadan ǝlbir olaraq, Gülnarə Rəhimovaya bank vǝ lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək, 6 min 280 manat məbləğində dələduzluq edib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs tanışı Səfurə Zeynalzadəyə "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan ona verəcəyinə dair yalandan vəd verib aladadaraq, 8 min 500 manat məbləğində dələduzluq edib.

O, digər tanışı Aygün Əliyevaya da "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar va birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona vəd verib aldatmaqla ümumilikdə 10 min 870 manat məbləğində dələduzluq edib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

İş üzrə 10 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.

Telli Adiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla ) maddəsində ittiham irəli sürülüb.

Bu işdə adı hallanan Kəmaləddin Adiyevə qarşı isə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülməklə ayrıca iş olaraq icraata ayrılıb.

Oxşar xəbərlər