Evlərdən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib


  • 1 May 11:21

Bakıda evlərdən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirləndirilən Ülvi Hacıyevin cinayət işi üzrə məhkəməsi keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Pərvanə Məmmədova dindirilib.

Onun sözlərinə görə, ötən ilin iyulunda yaşadığı evindən qızılları oğurlanıb: "Qapıya yaxınlaşanda kilidin açar yerinin sındırıldığının şahidi oldum. Qızıllarımı yataq otağımda saxlayırdım. Otağa girəndə yataq otağımın dağıdıldığını, qızılların isə yerində olmadığını gördüm. 100 qramdan çox qızılım oğurlanıb. Qızılarım təxminən 9 min manat dəyərində olub. Məhkəmədən mənə dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarmağını xahiş edirəm. Mənə deyilən zərərlə bağlı hələ heç bir ödəniş edilməyib".

Təqsirləndirilən şəxs isə bildirib ki, evdən 100 yox 60 qram qızıl oğurlayıb. Onun sözlərinə görə oğurladığı qızılın hər qramını 50 manatdan satıb: "Oğurladığım qızılları dəyər dəyməzinə satdım. Çünki təcili pula ehtiyacım var idi. Xeyli pul borcum olduğundan, onları qaytarmalı idim. Zərərçəkmişə dəyən ziyanın ödəmək iqtidarında deyiləm".

Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla Ü.Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etməsi məlum olub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Ü.Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər