Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İsmayıl Hacızadə ifadə verib.
O, prosesə iştirak edən təqsirləndirlilən şəxslərdən heç kimi tanımadığını bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs Ruhlan İsmayılov (red-polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib) onun müştərisi olub:
"Ruhlan İsmayılovu sakit şəxs olaraq tanıyırdım. "Tarqovu"da kirayədə qalırdım. Əlində kostyum evimə gəldi. Duş almağını istədi. Və birdən onun polislərlə atışdığını gördüm. Mən qorxudan blokun pilləkanlarında yerə oturdum. Qarşılı atışma zamanı Ruhlan polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirildi".
Şahid İbrahim Mahmudov deyib ki, təqsirləndirilən şəxslərdən Səbuhi Qurbanovu tanıyıb: "3-4 olardı Taksi xidməti kimi fəaliyyət göstərirdim. Səbuhi tərəfindən sifariş gəlmişdi. Müştərini Binəyə apardım sonra geri qayıtmaq istəyəndə benzinim qurtardı".
Proses zamanı məlum olub ki, taksidə gedən digər təqsirləndirilən şəxs Dəyanət Qüdrətov, lakin sifariş verən isə təqsirləndirilən şəxs Səbuhi Qurbanov olub.
Şahid Turxan Kərimov deyib ki, təqsirləndirilən şəxslərdən Azər Məmmədovun saxlanılmasında iştirak edib: "Bizə etibarlı mənbədən məlumat daxil oldu ki, Azər Məmmədov adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Onu hadisə yerində yox idarəyə apararaq baxış keçirdik. Hadisə vaxtı əməliyyat çəkilişi aparmadıq".
Şahid Ayaz Pənahovun sözlərinə görə, ötən ilin martın 4-də təqsirləndirilən şəxslərdən Azər Məmmədovun üzərində narkotik vasitə olması ilə bağlı məlumat daxil olub: "Təqsirləndirilən şəxsi dindirəndə biz dedi ki, narkotik vasitəni başqa adam alıb. Hava şəraiti uyğun olmadığı üçün onun üzərinə olan baxışı idarədə keçirdik".
Təqsirləndirilən şəxs Azər Məmmədov isə bildirib ki, o heç bir narkotik vasitədən istifadə etməyib və o idarəyə gətiriləndən sonra işgəncələrə məruz qalıb.
Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2023-cü ilin martın 4-də paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Dəyanət Qüdrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul pul vəsaitləri aşkar edilərək götürülüb.
Orxan Rasifoğlu
