Bakıda 25 yaşlı gənci öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib


  • 2 May 18:04

Bakıda mübahisə zəmnində 25 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Kamran Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxslə qohumluq münasibətləri olub: "Təqsirləndirlilən şəxs Həsənağa Əliyev həyat yoldaşımın qardaşıdır. Hadisə günü bizə zəng etdi ki bacımı da götür bizə gəl. Ancaq səbəbini demədi. Mən maşınla evə doğru gedəndə gördüm ki, Həsənağanın avtomobilinin yanında "Toyota Prius" markalı avtomobil dayanıb. Birdən yoldaşım Ramilə ağlayaraq maşından düşüb maşınlara doğru hərəkət etməyə başladı. "Toyota Prius" markalı avtomobildən düşən oğlanla Həsənağa arasında çaxnaşma düşdüyünü gördüm. "Toyota Prius" markalı avtomobildən düşən adam sinəsini tutub maşına oturdu. Həmin vaxt təqsirləndirilən şəxsin əlində bıçaq görməmişəm".

Şahid Samir Məmmədov deyib ki, zərərçəkmiş - mərhum İzmir Savadovla dostluq münasibətləri olub: "İzmirin 100 manat alacağı var idi və buna görə Lökbatan getdik. Yol bağlı olduğundan bilmədən Həsənağanın qapısının yaxınlığında saxladıq. Həsənağa maşını bizim üstümüzə sürdü. Rəhmətlik səbəbi aydınlaşdırmaq üçün maşından düşdü. Birdən gördüm ki, Həsənağa İzmiri bıçaqla vurdu və İzmir böyrünü tutub maşına tərəf gəldi. Mən tez onu xəstəxanaya apardım və polisə zəng etdim".

Məhkəmənin növbəti iclası mayın 30-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər