"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Çingiz Mehdiyev məhkəmədə ifadə verdi


  • 6 May 10:51

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ilkin baxış iclası davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, avtomobil idmanı sahəsində təcrübəsi olduğuna görə ona Beynəlxalq Avtomobil Federasiyası tərəfindən Beynəlxalq Super Lisenziya verilib: "Bu lisenziyanı alan ilk və yeganə azərbaycanlı idim. Ancaq bu lisenziyası olan şəxs "Formula 1" yarışlarını keçirə bilərdi. Yarışın keçirilməsi üçün xüsusi məhsullar alınmalı idi. Bu məhsullar da Azərbaycanda istehsal olunmurdu. Bu məqsədlə direktor Arif Rəhimov və Satınalmalar üzrə direktor Zaur Məlikaslanovla birgə xaricə getdik. Burada bəzi həmkarlarımızla görüşdük. Geri qayıtdıqdan sonra məhsulların satın alınması üçün 90 milyon manat vəsait ayrıldı. Bu iş üzrə Azərbaycanda ixtisaslaşmış şirkət və ya ekspert yox idi. Ona görə də bu problemin həll edilməsi mənə tapşırıldı. Qiymətlərlə bağlı Cenevrədəki ofislə danışdım. Mənə əlaqələr verdilər. Qiymətlərlə bağlı konsultanların qiyməti saat başı hesablanır. Danışdığım şirkətdə qiymət ucuz idi. İki ay ərzində ümumi 350 min dollar edirdi. Malların tədarükü ilə bağlı görüşlər keçirdik. Zaur Məlikaslanov xüsusi mallar haqqında anlayışı olmadığını dedi. Mənə deyildi ki, təcili minimal qiymətlərlə həll etməliyəm. Mən də "Dayton" şirkətini təklif etdim. Mallar sifariş verildi və "Dayton" şirkətinə pul ödənildi. Mənə maraqlıdır ki, prokurorluğun mütəxəssisləri 389 min manat yeyintini necə hesablayıblar? 9 il əvvəl olan yarışa alınmış malların dəyəri necə hesablanıb?"

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti "Formula 1" yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla o, ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.

Bundan başqa, təqsirləndirilən şəxs Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of America" bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .

Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər