Tanınmış modelyerin atasının qətli ilə bağlı keçirilən məhkəmədə şahid ifadə verdi


  • 7 May 12:40

Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Mustafa Zeynalovun keçmiş həyat yoldaşı Rübabə Zeynalova şahid qismində çıxış edib.

O, çıxışı zamanı uzun müddətdir Mustafa Zeynalovdan ayrıldığını bildirib: "O uşaqları qoyub gedəndən sonra boşanmaq üçün müraciət etdik. Hadisə haqda məlumatım olmayıb. Bir gün gecə təxminən 2-3-də Mustafa mənə zəng etdi. Məni Maştağaya çağırdı. Dedi ki, tez dur gəl. Mən də soruşdum ki, nə olub? Heç nə demədi. Azadlıq prospektindən taksi ilə Maştağaya getdim. Məni xalasıgilin bağ evinə apardı. Dedi ki, mənə bir nəfər borclu idi, indi borcunu qaytarıb. Həyətə girəndə xalası oğlu İsmayılı çağırdı. O da əlində qara sellofan torba ilə gəldi. Mustafa dedi ki, sellofan torbada pul var, bunu uşaqlara xərcləyərsən. Elə hey deyirdi ki, harasa getməlidir. Ancaq hara gedəcəyini demirdi. Mən sellofan torbanı götürüb evə qayıtdım. Səhəri gün işdə olanda mənə polis idarəsindən zəng gəldi. Dedilər ki, şöbəyə gəlin. Çağırılma səbəbini bilmirdim. Şöbəyə çatanda ilk sual o oldu ki, bəs Mustafa mənə pul verib ya yox? Dedim ki, verib. Sonra şöbədən polis əməkdaşları ilə evə gəldik. Könüllü sürətdə pulu onlara təhvil verdim".

Daha sonra hakim prosesi başqa vaxta təyin etməyi təklif edib.

Növbəti proses mayın 30-na təyin edilib.

İttiham aktına görə, hadisə keçən il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər.

Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovun əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobilə əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nahiyəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır daş bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

Xatırladaq ki, Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətlərin birində hüquqşünas işləyib.

Namiq Əliyev isə bankda şöbə müdiri vəzifəsində çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər