Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilən qadın: "Mənim işim xəstə tapıb xaricə müalicəyə göndərmək idi"


  • 8 May 17:55

Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahbacı İsayeva, Şahid Mövsümov və Vüqar Eminovun təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianı icraata qəbul edib.

Daha sonra təqsirləndirilən şəxs Aysel Məmmədova ifadə verib. Onun sözlərinə görə, 2022-ci ilin avqustunda şirkətin sahibi Nuridə Seyidova dəvət edib: "“Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin rəhbəri olan Nuridə Seyidova məni həkim-ekspert vəzifəsinə dəvət etdi. Xəstələr gəldikcə Nuridə xanıma məlumat verirdik. İlk 3 ay sınaq müddəti ilə işlədim. Şirkət tibbi turizmlə məşğul idi. Orda ilk günlər Aynur Bayramovanı və Toğrul adlı şəxsi tanıdım. Səkinə xanım isə baş mühasib idi. Şirkətə klinikadan gələn müştərilərdən 20-25 faiz mənə gələcəkdi. Klinikalardan həkimlər bizə xəstələr göndərirdilər. Bakı xəstələrini bizə Mir Cəlal Kazımi, Tariyel və Eldar doktorlar göndərirdi. Şirkətə ümumilikdə həkimlərin vasitəsilə 20 yaxın xəstə gətirmişəm. Mənim fəaliyyətim xəstə tapıb xaricə müalicəyə göndərmək idi".

Daha sonra hakim Azad Məcidov vaxt azlığında prosesi təxirə salmaq məcburiyyətində qalıb.

Məhkəmənin növbəti iclası mayın 15-nə təxirə salınıb.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İttihama görə, Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər