Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimin vəkili dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.
Vəkil deyib ki, müəyyən illərdə A. Kərimovaya əməkhaqqı ödənilməyib. İstintaq orqanı da həmin məbləği mənimsənilmiş məbləğ kimi qeyd edib.
O, dəymiş ziyanın ödənilməsi üçün 1 ay vaxt istəyib.
Məhkəmə 3 həftə vaxt verilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi.
Eyni zamanda Təqsirləndirilən şəxsin üzərindən 308.2-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülməsi ilə bağlı məhkəmə qərar edib.
İttihama görə, A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
