Xəzər Rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və Salyan Rayon Məhkəməsində yeni təyinatlar olub.
Bu barədə e-huquq.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir. DİM-in yanvarın 30-u saat 13:50-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 30 nəfər uğur qazanıb. Onlardan 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 11-i Maliyyə Nazirliyində, 3-ü Bakı şəhəri Xəzər Rayon Məhkəməsində, 2-si Ali Attestasiya Komissiyasında, 1-i Hesablama Palatasında, 1-i Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Salyan Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.
