Məzmuna keç

“O puldan özümə bir qəpik də xərcləməmişəm” –

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, pulları əsasən pandemiya və 44 günlük müharibə vaxtı aldığını etiraf edib: "Həmin vaxt bir gündə Yeni Suraxanı kəndinə 3 şəhidin nəşi gəldi, bütün hüzr xərclərini çəkdim. Hamısının halal xoşları olsun. Həmçinin vətəndaşlardan aldığım pullarla kənddə olan Şəhidlər xiyabanını təmir etdirmişəm. Həmin pullardan özümə bir qara qəpik də xərcləməmişəm. Saxta sənədləri hazırlamağımı təsdiq edirəm, öz otağımda kompüterdə düzəltmişəm, ancaq rüşvət almağım faktını qəbul etmirəm. Mənim torpaq satmaq səlahiyyətim olmayıb. 2007-ci ildən məhz Bakı şəhərində bələdiyyə torpaq sata bilməz".

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, ona qarşı Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham irəli sürülüb. İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin rüşvət alma təkrar və külli miqdarda törədildikdə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu